AİP lideri Mövsüm Səmədov referendumla ilə bağlı mövqeyini açıqlayıb

AİP lideri Mövsüm Səmədov sentyabr ayının 26-də keçirilməsi nəzərdə tutulan referendum seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə “İslaminSesi”nə Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Müvəkkili ilə bu gün Qobustan Qapalı Tipli Cəza Cəkmə müəssisəsində görüşən Yalçın İmanov, AİP liderinin referendumla bağlı mövqeyini açıqladığını söyləyib. Mövsüm Səmədovun vəkili tərəfindən yazılı formada redaksiyamıza daxil olan mövqeyini oxucularımıza təqdim edirik.
“Xalqımızın narahatlığına səbəb olan sentyabrın 26-da Konstitusiyada dəyişikliklərlə bağlı keçiriləcək referendum hələ də gündəmdədir və yenə də əsas müzakirə mövzularından biridir. Təəssüflər olsun ki, bu mühüm və taleyüklü məsələ hələ də xalqdan xəbərsiz saxlanılaraq ictimai müzakirəyə çıxarılmır. Ana Qanuna təklif olunmuş 30-a yaxın dəyşikliklərdən bir hissəsi daha çox diqqəti cəlb edir. Onlardan prezidentlik müddətinin 5 ildən, 7 ilə qaldırılması, vitse-prezindentlik institunun yaradılması, prezidentin parlamenti buraxması, növbədənkənar prezident seçkilərinin təyin edilməsi, prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətlərinin qaldırılmasını qeyd edə bilərik. Bu dəyişikliklərdən xüsusən yuxarıda qeyd etdiklərimiz mövcud konstitusiyanın özü ilə də ziddiyət təşkil edir. Prezidentə MM-i buraxmaq səlahiyyətinin verilməsi hüquqi dövlətin təməlini sual altına alır. Çünki qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti yalnız və yalnız qanuna tabedir və hakimiyyətin hər bir qolu öz-özlüyündə müstəqildir, biri digərinə nisbətdə yalnız tənzimləyici rol oynayır. Prezindentə yeni səlahiyyətlərin verilməsi faktiki olaraq bu mexanizimin pozulmasına səbəb olur və bu da hüquqi dövlətin prinsip və konsepsiyasına ziddir və belə olan halda onsuz da formal xarakter daşıyan parlament öz fəaliyyətində atrofiyaya uğrayaraq qeyri-funksional vəziyyətə düşmüş olur.
Referendum aktının lahiyəsində yeni vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur və göstərilir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikası prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Xalq tərəfindən seçilməyən və heç bir mandatla təmin olunmayan bu salahiyyətilərin icra edilməsi Azərbaycan Respublikasının konstitusiyasının digər maddəsinə ziddir . Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni yalnız xalq tərəfindən mandat verilmiş şəxs xalqın idarəçiliyində səlahiyyətli sayıla bilər. Digər tərəfdən, bu referendum aktı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də kəskin ziddiyyət təşkil edir .
Prezident və parlamet seçkilərində namizədlərin yaş məhdudiyyətinin aradan götürülməsi ölkədə yeni monarxiya üsulunun yaradılmasına zəmin yaratmaqdan başqa bir şey deyildir. Bundan başqa, layihədə insan və vətəndaş hüquq və azadlıqlarının, məsələn, mülkiyyət, sərbəst toplaşmaq, məlumat almaq və s. məhdudlaşdıran digər mürtəce dəyişikliklər də nəzərdə tutulmuşdur. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin idarəetmə üsulu Stalin prinsiplərindən heç də fərqlənmir. Hər nə qanun istəsək, xalqa qəbul etdirə bilərik . Bu cür yanaşma sözsüz ki, Azərbaycan xalqının əhval-ruhiyyəsindən uzaqdır. 1988-ci ildəki Topxana, 1990-cı ildəki 20 Yanvar və 2003-cü ildəki hadisələrdə biz bunun şahidi olmuşuq. Ümid edirəm ki, Azərbaycan xalqı öz müqatəratının həllində artıq nə Qərbdən, nə də Şərqdən kömək gözləməyəcək.
Xalqımız başa düşür ki, özü öz taleyinə məsuliyyətli olmasa, səadət qapıları onun üzünə açılmayacaq. Referenduma etiraz etmək hər bir azərbaycanlının bir vətəndaş kimi borcudur və bu yolun sadiq yolçularına uğurlar arzulayıram.