Hərbçi zabitdən seçki saxtakarlığına unikal etiraz

Xalqına qarşı zülmdə iştirak edən bu insanlar tutduğu vəzifələrindən istefa verməyincə mübarizəmi davam etdirəcəm.
“Ehtiyatda və Istefada olan Zabitlər” Ictimai Birliyinin Sumqayıt filialının sədri Şahmurad Məmmədov prezident seçkisində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin müşahidəçisi olub. O, 41 saylı Sumqayıt 1-ci seçki dairəsinin 15 və 12 saylı məntəqələrində seçki prosesini müşahidə edib.
Gördüyü saxtakarlıqlardan dəhşətə gələn hərbçi zabit buna etiraz olaraq, bir sıra addımlar atmaq qərarına gəlib. Bu barədə o, dövlət başçısından tutmuş, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycandakı müşahidə missiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri, təhsil naziri, Sumqayıtın icra başçısına qədər müxtəlif dövlət strukturlarına ünvanladığı məktubda ətraflı yazır:
“Bu seçki tam şəffaf saxtakarlıq şəraitində keçirilən, seçki komissiyaları üzvlərinin şoumenlik yarışması idi. Hərbçi ziyalı kimi məni daha çox təəssüfləndirən isə saxtakarlığın həyata keçirilməsində ziyalı saydığımız müəllimlərin, Dövlət Neft Şirkəti və mənzil istismar sahələrinin işçilərinin olması idi. Əsl seçicilər qeyri-bərabər şərtlər altında yarışmaya girmişdilər. Müxalifyönlü seçicilərin ”bir seçici bir səs” imkanına qarşı iqtidaryönlülər başqa üsullardan istifadə edirdilər. Bu hoqqabazlığa hərbi qulluqçular da cəlb olunmuşdu. Onlar səhər saat 8-dən günorta 14.30-dək 41 saylı Sumqayıt 1-ci seçki dairəsinin üç məntəqəsində müxtəlif geyim qaydalarında əvvəlcə sağ, sonra sol baş barmağını rənglədərək, guya ki, səs verirdilər. Kişilərin yerinə qadınlar, qadınların yerinə kişilər, Sumqayıta aidiyyəti olmayanlar yerinə əsgərlər…
Övladlarımın oxuduğu 23 saylı tam orta məktəbdə isə 16 yaşlı məktəb şagirdləri, onların valideyn və müəllimləri Azərbaycan Konstitusiyasına zidd olaraq, hazırkı prezidentin xeyrinə hakimiyyətin qəsb edilməsi kimi dövləti cinayətə cəlb olunmuşdular.
Sadaladıqlarımı, eləcə də hamının bildiyi digər seçki saxtakarlıqlarını nə dövlət qanunlarından, nə də Allahdan qorxmadan yerinə yetirən bu saxtakarlara cavab olaraq bəyan edirəm:
1. 14 oktyabr 2013-cü il tarixindən övladlarımı məktəbə göndərməyəcəm;
2. Xalqına qarşı zülmdə iştirak edən bu insanlar tutduğu vəzifələrindən istefa verməyincə mübarizəmi davam etdirəcəm;
3. Əgər bu seçkilərin nəticələri ləğv olunub yeni seçki təyin edilməsə, ailəmlə birgə vətəndaşlıqdan imtina edəcəm”.
azadlıq