ArxivXəbər lentiXəbərlər
Olimpiya Oyunlarına qədər siyasi məhbus probleminin həlli gözlənilir

Mirvari Qəhrəmanlı: “İşçi Qrup olaraq istəyirik ki, siyasi məhbus siyahısı təmizlənsin”
Bu ilin iyununda Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları Azərbaycana diqqəti artırıb. Siyasi məhbuslarla bağlı məsələ bu baxımdan, tez-tez qabardılır. Olimpiya Oyunlarına qədər siyasi məhbus probleminin həllinin vacib olduğu vurğulanır.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri isə bildirirlər ki, Avropa Olimpiya Oyunlarına qədər siyasi məhbusların həbsdən buraxılmasını istəyirlər və bunun üçün çalışırlar.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, may ayında əfvin olacağını və həmin əfvə də siyasi məhbusların hamısının düşəcəyini gözləyirlər: “Gözləyirik ki, gələn ay yenə əfv imzalanacaq. Əfvə siyasi məhbusların düşəcəyinin şahidi olacağıq. Buna ümidimiz var. İşçi Qrup mütəmadi olaraq işləyir, ərizələr daxil olur, yığışıb müzakirə edirik. Daha ciddi məsələləri ümumi müzakirəyə də çıxarırıq. Sonuncu iclasımız on gün qabaq olub. Mart ayındakı əfvdən sonra iki dəfə yığışıb, müzakirə aparmışıq”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qeyd edib ki, siyasi məhbusların azadlığa buraxılacağı barədə qəti bir fikir söyləmək olmaz: “Siyasi məhbusların Avropa Oyunlarına qədər buraxılacağını biz dəqiq deyə bilmərik. Bu sual düzgün ünvanlanmayıb. Hamı sualını İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının təmsilçilərinə ünvanlayır. Amma İşçi Qrup tək siyasi məhbuslarla bağlı işləmir. Hökumət siyasi məhbus problemini tanımaq istəmir. Əfvlə, siyahının hazırlanması ilə isə Əfv Komissiyası məşğuldur. QHT-lər çox sayda insanların, məhbəsdə olan insanların haqqında sənədləri hazırlayır. Onların arasında siyasi məhbuslar da var. Biz siyahını hazırlayıb, Əfv Komissiyasına təqdim edirik. Biz özümüz də iştəyirik ki, əfv olsun. Ancaq bizə aid olmayan işlə bağlı vəd verə bilmərəm. Mayın 28-də hər il əfv olur. Düşünürəm ki, bu il də ola bilər və siyahıda siyasi məhbuslar yer ala bilər. Konkret demirəm olacaq, bu səlahiyyət ölkə başçısına aiddir. Mən Əfv Komissiyasının da üzvü deyiləm, bilmirəm ki, kimi buraxacaqlar. Hamı kimi gözləyirəm. Hamımız istəyirik ki, bu siyahı təmizlənsin”.
Onun sözlərinə görə, hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı görə biləcəyi işlər daim müzakirə edilir: “Bu, həmişə iclaslarda geniş müzakirə olunur. İşçi Qrupun iclaslarında Prezident Adminstrasiyasından da nümayəndələr olur. Təbii ki, sadəcə, beynəlxalq təşkilatlar kimi “narahatıq” kəlməsini işlətmirik, iş görməyə çalışırıq. Özümüz hətta dövlət başçısı ilə görüşmək də istədik, belə cəhdimiz də oldu. Yanvar-fevral aylarında istədik ki, Prezident İlham Əliyevlə görüşək, bir çox məsələlər üzrə müzakirə aparaq. Bu, arzudur. Müvafiq qurumlarla danışıqlar davam edəcək. Bilmirəm ki, baş tutacaq, alınacaq, ya yox… Alınarsa, hüquq müdafiəçiləri düşünəcəyik ki, siyasi məhbus məsələsini nə cür, nə formada görüşdə qaldıraq. Yəni görüş haqqında bizdə yalnız müzakirə gedib. Amma məktub yazmaq da istisna deyil”.
İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib ki, siyasi məhbus məsələsinin bu ilin mayında birdəfəlik həllinə ümid edirlər: “Biz əlimizdən gələni edirik ki, Olimpiya Oyunlarına qədər siyasi məhbusumuz qalmasın. İşçi Qrup hər şeyə gedir ki, məsələ həll olunsun, yerdə qalmasın. İstəyirik ki, dövlət başçısı İlham Əliyevə məktub da ünvanlayaq. Bu yaxınlarda görüşəcəyimizə də ümid var. Görüşsək, bu məsələni mütləq deyəcəyik. Biz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və daha bir neçə ünvana bu məsələ ilə bağlı müraciət yazıb, siyasi məhbusların azad olunmasını xahiş edəcəyik. Məktublar hazırlanır”.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun yaranmasından altı ay keçir. Bu yaxınlarda İşçi Qrup Əfv Komissiyasına daha bir siyahı təqdim edib. Siyahıda bütün siyasi məhbusların adlarının olduğu bildirilir.
Ancaq hazırda siyasi məhbus siyahısında neçə vətəndaşın olduğu dəqiq deyil. Çünki İşçi Qrup siyasi məhbus siyahısı hazırlamır. İşçi Qrupun baxdığı müraciətlərin kiçik bir hissəsi siyasi məhbuslarla bağlıdır.
Bəzi hüquq müdafiəçiləri hətta mayın 10-da, mərhum dövlət başçısı Heydər Əliyevin doğum günündə də əfvin olacağını istisna etmirlər. Həmçinin, vurğulanır ki, bu önəmli yarışmaya siyasi məhbuslarla getməyin mənfi tərəfləri var.
İşçi Qrupun fəaliyyətinə münasibət isə birmənalı deyil. Hətta martda imzalanan əfv fərmanından sonra siyasi məhbuslar sərəncama və İşçi Qrupa etirazlarını bildirmişdilər. Hüquq müdafiəçiləri İşçi Qrupdan istefaya çağırılmışdılar.