ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Amankəndlilər yolsuzluqdan, bələdiyyə isə onların vergi ödəməməsindən narazıdır

Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər deyirlər ki, yollar təmirsiz olduğundan yayda toz-torpaqdan, payızda-qışda palçıqdan keçilməz olur.
Amankənd kəndi rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Kəndlilər əsasən əkin-biçinlə dolanır. Əkinçiliklə dolanışığını keçindirə bilməyənlər isə rayon mərkəzində, yaxın kəndlərdə işləyirlər.
Sakinlərdən Araz Məmmədov deyir ki, yolsuzluq səbəbindən gediş-gəlişləri çətinləşir.
“Yağış yağan kimi yollarda gölməçələr yaranır. Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”.
Sakinlərin sözlərinə görə, kənd yolları əsaslı təmir edilməlidir, xüsusilə məktəbə gedən yollara asfalt döşənməlidir. Bir-iki istiqamətdə yola daş döşənməsi, yaxud bir-iki kilometr yola asfalt tökülməsi ilə problem həllini tapmır.
“Bura böyük kənddir, əhalinin dolanışığı birbaşa yoldan asılıdır. Köhnə də olsa borc-xərclə avtomobil alırıq, sonra da qazandığımızın yarısını təmirə xərcləyirik”,-Məmmədov bildirib.
Sakinlər deyirlər ki, yol təmir olunarsa, kəndlilər məhsullarını rayon bazarına, qonşu kəndlərə çıxara bilərlər.
