Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə baş tutan görüşdə V. Putin türkiyəli həmkarına Moskvada Mərkəzi məscidin açılışında iştirak etdiyinə və məscidin tikintisinə etdiyi yardıma görə təşəkkürünü bildirib.
Rusiya-Türkiyə ikitərəfli münasibətlərinə toxunan V. Putin dövlətlərarası münasibətlərin inkişafından razı qaldığını söyləyib: “Ən yüksək səviyyədə olan əlaqələrimiz bütün istiqamətlərdə – parlamentlər və hökumətlər səviyyəsində inkişaf edir. İqtisadi əlaqələrə gəldikdə isə demək istəyirəm ki, məlum zəifləmənin olmasına baxmayaraq, Rusiya Türkiyənin ikinci iqtisadi-ticarət tərəfdaşı olaraq qalır. İqtisadi-ticarət əlaqələrimizin diversifikasiyası davam edir. Bu bizi çox məmnun edir. Hər iki tərəfdən sərmayələrin həcmi artaraq 10 mlrd. dollara çatıb”.