ArxivXəbər lentiXəbərlər

İran Qarabağı müstəqil dövlət kimi tanımır, seçkilərini də qəbul etmir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü qondarma rejim tərəfindən Dağlıq Qarabağda keçirilən referendumu yersiz və qəbuledilməz hərəkət olaraq dəyərləndirib.

İranın XİN sözçüsü Bəhram Qasemi bu gün öz həftəlik mətbuat konfransında qondarma rejim tərəfindən Dağlıq Qarabağda keçirilən referendumu tamamilə yersiz və xoşagəlməz bir addım adlandırıb və deyib: “İran bunu qəbuledilməz bir hərəkət hesab edir. Bizim qənaətimizə görə, bu addım Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsir buraxmayacaq. Biz daim bildirmişik ki, Cənubi Qafqazda xüsusi ilə yerli insanlar və qonşular üçün ciddi narahatlıq doğuran bu böhran və münaqişəni sadəcə müzakirə, dialoq və anlaşma ilə həll etmək mümkündür. Və bu kimi addımlar heç bir vəchlə qəbulediləsi deyil. Eyni zamanda bu kimi addımlar son dərəcə həssas məntəqələrdən olan Qafqazda sülh və sabitliyə xidmət etmir.”

Bəhram Qasemi daha sonra Azərbaycan prezidenti İlham Əliyevin yaxın gələcəkdə İrana səfər edəcəyinə işarə edərək, bunu iki ölkə başçıları arasında baş tutan görüş və müzakirələr çərçivəsində dəyərləndirib:

“Azərbaycan prezidenti İlham Əliyevin də yaxın gələcəkdə İrana səfəri gözlənilir. Bu səfər iki ölkə prezidentləri arasındakı görüş və müzakirələrin davamında baş tutur. İndiyə kimi cənab Həsən Ruhani ilə cənab İlham Əliyev arasında 5-6 görüş keçirilib. Bizim Azərbaycana olan baxışımız şəffaf, aydın və dəqiqdir. Azərbaycan bizim yaxşı qonşularımızdan biridir və bizim Azərbaycan ilə çox dərin və möhkəm əlaqələrimiz var. Hər iki ölkənin iqtisadiyyat və digər sahələr üzrə böyük potensiallara malik olmasını nəzərə alaraq, əlaqələrimizi daha da genişləndirməyə çalışırıq.”

İranın XİN sözçüsü həmçinin deyib: “Ötən günlər ərzində İranın ədliyyə naziri də Bakıda səfərdə olmuşdu. Bundan başqa ötən həftələr və aylar ərzində də bir sıra iqtisadi heyətlərin səfərləri olub. İki ölkə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu səylər davam etdiriləcək.”

Qasemi Azərbaycan prezidentinin İrana səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağını da vurğulayıb.

“Əminəm ki, bu səfər də iki ölkə əlaqələrinin möhkəmləndirilməsində irəliyə doğru daha iri addımların atılmasına və daha artıq anlaşmaya nail olmaqla əməkdaşlıqların hərtərəfli inkişafına kömək etmiş olacaq.” – deyə İran rəsmisi bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button