ArxivXəbər lentiXəbərlər

AŞPA-da Azərbaycanla bağlı rüşvət qalmaqalı böyüyür

Bu həftə Avropanın ən yaşlı insan haqları qurumlarından olan Avropa Şurasına antikorrupsiya təhqiqatlarının başladılmasıyla bağlı daha bir çağırış edilib.

«The Guardian» qəzetinin müxbiri Cenifer Rankin çağırış edənlərin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təcrübəsi olan şəxslər olduğunu qeyd edir. Onlar qəzetə AŞPA üzvlərinin Azərbaycanla bağlı səsverməyə görə rüşvət aldıqlarına inandıqlarını söyləyiblər.

Bu şəxslərdən biri keçmiş azərbaycanlı diplomat Arif Məmmədovdur. O iddia edir ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvünə lobbiçilik fəaliyyətinə xərcləməyə 30 milyon avro (25 milyon funt-sterlinq) verilibmiş. “Nümayəndə heyətində hər kəs bu rəqəmi eşitmişdi. Söylənirdi ki, bu pul AŞPA üzvlərinin satın alınmasına nəzərdə tutulub”, – keçmiş diplomat qəzetə deyib.

64 DEPUTAT QƏTNAMƏNİ İMZALAYIB

AŞPA-nın İsveçdən olan üzvü Tobias Billströmun sözlərinə görə, “qurumun çox etibarlı üzvləri” ona deyiblər ki, səs verməkdən ötrü onlara rüşvət təklif olunub. Billström məsələnin müstəqil araşdırılmasına çağıran qətnaməni imzalayan 64 deputatdan biridir. Qətnamədə “Azərbaycanla bağlı səsvermədə ciddi pozuntulara dair etibarlı iddialar”ın araşdırılması tələb olunur.

Məqalə müəllifi Azərbaycanın “kürü diplomatiyası” haqda deyilənləri xatırladır. Avropa Sabitlik Təşəbbüsü hələ 2012-ci ildə bu haqda hesabat açıqlayıb. Amma italiyalı deputat Luka Volonte ilə bağlı təhqiqat başlananda məsələ yenidən gündəmə gəlib. Deputat Azərbaycandan 2.39 milyon avro rüşvət alaraq Avropa Şurasında bu ölkənin hökumətini dəstəkləməkdə suçlanır. Bir neçə günə onun məhkəməsi başlamalıdır.

AŞ deputatlarının 1/5-i yanvarda bu məsələni təcili araşdırmağa çağırdılar, amma AŞPA rəhbərliyi mart görüşündə bir qərara gələ bilmədi.

Müəllif yazır ki, Assambleya prezidenti Pedro Aqramunta bu yöndə təzyiqlər yüksəlir. Bu ayın sonunda AŞPA yenidən toplanır və yenə təhqiqatın başladılması çağırışları səslənəcək.

STRASSER DƏ MƏSƏLƏDƏN XƏBƏRDARMIŞ

Tənqidçilərin fikrincə, Azərbaycan AŞPA-dan prezident İlham Əliyevin avtoritar idarəçiliyinə qanuni don geyindirməkdən ötrü faydalanır. 2013-cü ildə deputat Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hesabatı 125-79 səs çoxluğuyla rədd olunub və italyan deputat Volontenin bu işin təşkilində əsas rol oynadığı bildirilir.

Ştrasser qəzetə deyib ki, Azərbaycanın pul payladığını bilirdi, amma səslərin satın alınması haqdda dəlili yox idi. O da etibarlılıq baxımından təhqiqat aparılmasını istəyir: «Bu qurumlar daxilində korrupsiyanın mövcudluğu və bunun gözardı olunmasıyla bağlı hər hansı şübhə varsa, bu, Avropa Şurasının sonunu gətirər».

Norveçin keçmiş baş naziri, hazırda Avropa Şurasının baş katibi Torbyön Yaqland da Aqramuntu müstəqil təhqiqat aparılmasını şəxsən təmin etməyə çağırıb. Bu, AŞ rəhbərliyi tərəfindən əvvəllər görünməmiş bir çağırış sayılır.

DEPUTAT ŞƏRTLƏRİ DƏ HAZIRLAYIB

Deputat Billströmun fikrincə, ortada bu qədər ciddi iddialar varkən, AŞ-nın müstəqil təhqiqatla bağlı çağırışları rədd etməsi mümkünsüzdür. O, Assambleyadakı həmkarlarını aparıcı üzv Vojcieç Savickinin hazırladığı “çox yaxşı təklifləri” qəbul etməyə çağırıb. Savicki müstəqil təhqiqatın şərtlərini hazırlayıb.

Aqramuntun sözçüsü isə qəzetə deyib ki, Assambleyadakı beş siyasi qrupun liderləri Savickinin hesabatının yenilənmiş versiyasını hazırlayırlar, çünki hesabat indiki formasında tətbiq edilə bilməz.

“Cənab Aqramunt həmin siyasi liderlərin işinə qarışmayacaq. O, bəzi QHT-lərin, lobbilərin, media və maraqlı qrupların deputatların işinə təzyiqini də qəbul etməyəcək”, – deyən sözçü AŞPA-nın belə təhqiqat aparmağa hüquqi səlahiyyəti olmadığını da əlavə edib.

azadliq.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button