İran İslam Respublikası ərazisində yerləşən Astara yük terminalının operatoru olan “ADY Express” MMC burada aşırılan yüklərin həcmini artırmağa müvəffəq olub.
MMC-dən AZƏRTAC-a bildirilib ki, ötən ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 min 100 ton və ya 8918 vaqon təşkil edib, bu da 2019-cu illə müqayisədə 16 faiz çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 363 min 842 ton təşkil edib. Orta hesabla 2020-ci il ərzində Astara terminalında gündəlik aşırılan yüklərin həcmi 1384 ton və ya 29 vaqon təşkil edib.
Keçən il aşırılan yüklərin 37 faiz taxta və taxta materialları, 20 faizi tikinti materialları (sement, klinker, kafel və sair), 13 faizi meyvə və tərəvəzlər, 11 faizi konteyner, 8 faizi dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11 faizi isə digər yüklər olub.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük terminalından keçən yüklərin əksəriyyəti Rusiya və İrana aiddir. 2020-ci ildə buradan keçən yüklərin 75 faizi Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.