AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın Ağdam Cümə məscidinin məzlum hekayəsi

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilib. Memarı Kərbəlayi Səfixan Qarabaği, dekor tərtibini verən usta Məhəmməd Nəqqaş Təbrizidir. Məscidin binası daşdan, minarələr isə kərpicdən hörülüb.

Oxucuların diqqətinə çatdırılır ki, memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində doğulub, 1910-cu ildə bu şəhərdə vəfat edib. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərlərində, eləcə də Ukraynanın Odessa (Tatarlar məscidi) və Türkmənistanın Aşqabad şəhərlərində (Qarabağ məscidi) ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab olunur. Kərbəlayi Səfixan Qarabağinin memarlığı əsasında “Qarabağ məscid memarlığı” adlı üslub formalaşıb ki, onu Səfəvi memarlığının bir tərkib hissəsi hesab etmək olar. Onun memarlıq əsərlərində Təbriz, Marağa, Ərdəbil məscidlərinin memarlığı elementlərindən də istifadə edilib.

Bildirilir ki, Ağdam şəhərinin Cümə məscidinin mehrab taxçasının kitabəsində məscidi bəzəyən nəqqaş – Məhəmməd Nəqqaş Təbrizinin adı qeyd olunub. Mənbələrdə Kərbəlayi Nəqqaş Təbrizinin oğlu Məhəmməd Nəqqaş Təbrizi və ya Məhəmməd Şükuhi Təbrizi kimi qeyd olunan bu nəqqaş haqqında təəssüf ki, ətraflı məlumat qalmayıb. Lakin onun Ağdam Cümə məscidindəki bəzək işlərini tədqiq edənlər onda sənəti və sənətkarı duymaq qabiliyyətinin çox güclü olduğunu vurğulayırlar.

Qeyd edilir ki, Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilib. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları pozulub. Hazırda işğal altında qalan bu məscid məqsədli şəkildə ermənilər tərəfindən təhqirlərə məruz qalıb və tövləyə çevrilib. Son zamanlarda bu məscidin ermənilər tərəfindən hərbi qərargaha çevrilməsi məlum olub. Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfındən pozulduğunu bir daha təsdiqləyir.

Memar Kərbəlayi Səfixan Qarabağinin Şuşa şəhərində ucaltdığı digər məscidlərdən olan Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi və Saatlı məscidi onun böyük memarlıq əsərlərindəndir. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın əzəli torpağı Şuşanı işğal etməsi ilə bu məscidlər də əsir abidələrə çevrilib, düşmən tapdağı altında qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button