İran XİN Ermənistan mətbuatının sui-istifadələrə yol verməsini tənqid edib

Bu haqda bəyanatı İran XİN-in rəsmisi Bəhram Qasemi verib.
Eastnews.org-un verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib. İranın XİN mətbuat katibi Bəhram Qasımi bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib: “Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq. Ötən bir neçə gün ərzində də Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkət edib, erməni mətbuatının bu addımı İranın XİN ekspertlərinin narahatlığına səbəb olub. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. İranın Azərbaycanla da yaxşı əlaqələri var və bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır”.