Mənfur qonşularımızın və onları himayə edən islam düşmənlərinin məkirli niyyətləri hesabına başlanan Qarabağ müharibəsində, çox oğullarımız vətənin düşmən tapdağına çevrilməməsi üçün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O, zirvə ki, həm uca, həm də müqəddəsdir və hər kəs bu zirvəni fəth edə bilmir.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan oğullarımız arasında Natiq və Azər Novruzov qardaşları özünəməxsus yer tutur. O, qardaşlar ki, Qarabağ müharibəsində son damla qanlarına qədər Azərbaycan uğrunda döyüşərək, qəhrəmanlıq salnaməsi yazdılar və şəhidlik zirvəsinə ucaldılar.
Artıq 20 ildən çoxdur ki, şəhid anası statusunu çiyinlərində layiqincə daşıyan və eyni zamanda övlad həsrəti ilə alışıb yanan Lətifə Novruzova qəhrəman oğullarından böyük fəxr hissi ilə danışır. O, bir-birinin ardınca iki oğul itirməyin acısını qəlbində hələ də yaşatmasına baxmayaraq, Natiq və Azərin vətən uğrunda qurban getməsi ilə təsəlli tapır. Lətifə Novruzova övladlarının keçdiyi döyüş yolundan və şəhidlik zirvəsini fəth etmələrindən fəxarətlə söz açır.
Şəraitsiz, kiçik bir otaqda məskunlaşan, yalnız sosial müavinət hesabına çətinliklə dolanan Lətifə Novruzova heç vaxt şəhid anası qürurunu sındırmadığını və heç kimdən yardım istəmədiyini bildirir. Lətifə Novruzova şəhid olan övladlarının adının əbədiləşdirilməsi istiqamətində müəyyən addımlar atıldığını desə də, dövlət orqanlarının diqqətsizliyindən ürəyində olan gileyi gizlətmir.
Şəhid anası ürəyində yalnız bir arzusunun olduğunu dilə gətirir və bu istəyi gerçəkləşəndən sonra rahatlıq tapacağını deyir.
Ümid edirik ki, iki övladını vətən uğrunda qurban verən Lətifə Novruzova ilə dövlət səviyyəsində maraqlananlar tapılaca və şəhid anasının sosial – mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində lazımı addımlar atılacaq.