Axı Azərbaycan İslam aləminin bir parçasıdır!

Azərbaycan prezidenti İlham Əliyev ölkənin diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edərək, xarici siyasətin prioritetləri, o cümlədən İslam aləmilə qarşılıqlı əlaqələrlə bağlı mühüm məqamları vurğulayıb.
O, bildirib ki, ölkəmizin müsəlman ölkələri ilə əlaqələsi çox möhkəmdir: “Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır.”
Prezident İlham Əliyev çıxışında ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı haqda bunları qeyd edib: “Hesab edirəm ki, bizim bu təşkilatda fəaliyyətimiz çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul etmişdir. Mən hesab edirəm ki, biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz. Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə ikitərəfli münasibətləri qursun, ya da möhkəmləndirsin”.
Prezident bunları əlavə edib: “Burada bəzi hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın. Ona görə, Azərbaycanın dağıdılmış abidələri, dini abidələri barədə şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc edilməlidir. Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə, mətbuat orqanlarına, beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki, məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq istəyir, biz isə imkan verməməliyik.”
“Müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın” deməklə, əslində dövlət başçısı diqqəti müsəlman dövlətlərin müsəlman Azərbaycan ərazilərinə təcavüz etmiş işğalçı Ermənistanla əlaqələrinə yönəldib. Həqiqətən də, müsəlman Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salmış, 30 minə yaxın müsəlmanı qətlə yetirmiş işğalçı bir rejimlə müsəlman dövlətlərinin isti münasibət qurması heç də ürəkaçan hal deyil. İslam prinsiplərinin ruhu ilə uzlaşmayan belə halların aradan qaldırılması üçün diplomatik korpusla bərabər, İslam icmalarının, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) aktivlik nümayiş etdirməsi və öz imkanlarından və nüfuzundan istifadə edərək, müsəlman ölkələrində işğalçı Ermənistan rejiminin cinayətlərini ifşa etməsi labüddür. Təəssüflər olsun ki, bu gün İslam aləmində nəinki vəzifəli şəxslər, eyni zamanda nüfuzlu din alimləri də müsəlman Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyindən xəbərsizdirlər.
Prezidentin vurğuladığı kimi, “Azərbaycan İslam aləminin bir parçasıdır”. Belə isə, İslam aləmi də bir parçası olan Azərbaycan ərazilərinin işğalı faktı ilə barışmamalı, ən azından, bu əraziləri işğal etmiş Ermənistanla yaxın əlaqələr qurmaqdan çəkinməlidir./birlik/