İslamçılar Şəhidləri ziyarət etdilər

Beynəlxalq Qüds Günü ilə əlaqədar bütün dünyada olduğu kimi Azərbaycanda da tədbirlər keçirilir. Azərbaycan İslam Partiyasının bir qrup üzvü də səhər saatlarında “Qüds, Qarabağ azad olsun, işğalçılar məhv olsun!” şüarı ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarətin sonunda çıxış edən AİP-in sədr müavini İnqilab Əhədli bildirdi ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi xüsusilə vacibdir: “Ona görə vacinbdir ki, bizim Qarabağ torpaqlarımız işğal altındadır. Və bu torpaqlar Qüdsün işğalını davam etdirən beynəlxalq sionizmin əlaltısı Ermənistan tərəfindən zəbt olunub. Bizim də bura toplaşmağımıza səbəb odur ki, torpaqlarımız uğrunda şəhid olanların ruhu qarşısında öz vicdanımızın azadlığını göstərək. Göstərmək istəyirik ki, baxmayaraq siz şəhid olmusunuz, amma bilin, Azərbaycan islamçıları, müsəlman xalqımız oyaqdır, vətəninə dayaqdır. Sizin qanınızı almaq üçün, torpaqlarımızı almaq üçün canımızdan keçməyə hazırıq. Bu torpaqlar bizim mənəvi dəyərimiz olduğu kimi, həm də milli dəyərimizdir.”
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə deyilir:
Dünya yaranandan xeyirlə şər, haqla batil, ədalətlə zülmkarlıq arasında mübarizə gedir. Məhz bu gün bu mübarizənin mərkəzində duran müsəlman dünyasının paytaxtı müqəddəs Qüds şəhəri zülm altında inləyir. Uğrunda qanlar axıdılan bu vəhy məkanı, müsəlmanların ilk qibləğahı sionizmin ən ağır zülmlərinin şahididir. Məhz buna görə də İran İslam İnqilabının banisi Xomeyni Rizvanullah otuz il bundan əvvəl élan etdiyi Beynəlxalq Qüds Gününü zalıma və zülmə, işğala və İslam düşmənlərinə qarşı mübarizə simvolu kimi xarakterizə etmişdir.
Bu mübarizənin nəzəriyyədən təcrübəyə, niyyətdən və şüardan əməli fəaliyyətə keçməsi dövrü artıq yetişmişdir. Müsəlmanlar, dünyanın sülhsevər xalqları zülmə qarşı susduqca yeni-yeni faciələr, işğallar, məzlum xalqlara qarşı Somali və Bəhreyndə, İraq və Əfqanıstanda, Suriya və Misirdə, Azərbaycanda, Qarabağda Xocalı soyqırımı kimi bəlalar törədilir.
Qüds bu mənada həm də zülmə, işğala məruz qalmış xalqların azadlıq simvoludur. Qüdsün azadlığı bəşəriyyət üçün sülh və firavanlıq içində yaşamaq sınağıdır. Dünyanın bu kimi ağrılı problemləri durduqca xalqların azadlığından söhbət gedə bilməz. Zalımlar zülmləri ilə öyünürsə, zorla, özgə xalqların qanı bahasına əldə etdikləri sərvət və torpaqları qənimət hesab edirlərsə, bu əməlin qarşısında yalnız əks əməl dayanmalıdır. Zalımlar yerində oturdulmalı, Beynəlxalq təşkilatlar qaniçən rejimləri qanunla yaşamağa məcbur etməlidirlər.
Amma bu gün nə təcavüzkar sionist rejimə, nə də işğalçı Ermənistana qaşın üstə gözün var deyən toxdur. Bu insan qatillərindən müdafiə olunmaq istəyənləri isə onların havadarları asanlıqla terrorçu adlandırır, öz ata-baba torpaqları uğrunda mübarizə aparmağa imkan vermirlər.
Azərbaycan İslam Partiyası bütün dünya müsəlmanlarını, sülhsevər bəşəriyyəti zülm və istismara qarşı birgə mübarizəyə səsləyir. Hesab edirik ki, Qüds Günü hər kəsin günü, işğal olunmuş müsəlman torpaqları hər kəsin problemi olmalıdır. Nə bir an belə Qüdsü nə də düşmən tapdağında qalan torpaqları unutmaq olar.