Bakıda dövlət təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat olub, şəhər təhsil idarəsi açıqlayıb.
Son 4 ayda isə rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artıb.
Orta aylıq əmək haqqı 900 manat olsa da, adekvat olaraq, inflyasiya da artıb. Mərkəzi Bankın məlumatına görə, ilk 3 ayda inflasiya 13,8 faiz olub.
Bəs, ümumiyyətlə, 900 manatlıq orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi?
Bəzi müstəqil iqtisadçılara görə, ölkədə biznesin təklif etdiyi qiymətləri və xərcləmələri təhlil edəndə o qənaətə gəlmək olur ki, bəzi gəlirlər rəsmiləşdirilmir və bu da özünü əmək haqqı fondunda göstərmir, əks halda orta aylıq əmək haqqı daha çox olmalıydı.
“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” – iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib.
Dövlət Statistika Komitəsindən BBC-yə bildiriblər ki, dövlət və özəl sektorda vəzifə maaşları ilə yanaşı bütün əlavə, bonus və mükafatlar əmək haqqı fonduna daxil edilir və bu da ümumi orta aylıq əmək haqqında özünü göstərir.
Bu yaxınlarda Mehman Hüseynova müsahibə verdiyi üçün töhmət almış millət vəkili Vahid Əhmədov istisna etmir ki, rəsmiləşməyən gəlirlər var, amma onun sözlərinə görə, aparılan islahatlar nəticəsində “qara mühasibatlıq ağarır” və korrupsiyanın qarşısını almaq üçün, xüsusilə dövlət müəssisələrində maaşlar artırılır.
İctimaiyyətdən “gizlədilən” fərmanda nə var?
Ötən ildən başlayaraq, ölkədə bir sıra dövlət qurumlarında vəzifə maaşlarının artırılmasına başlanıb. Elə ötən ilin iyun ayında sıravi millət vəkillərinin maaşlarının təxminən 7 min manata qaldırılması ölkədə real maaşların nə qədər olmalı olduğuna diqqət çəkib.
Deputatların maaşı həmin vaxt orta aylıq əmək haqqı ilə müqayisədə azı 8 dəfə artırılmışdı.
Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı gözə dəyəcək qədər artıbmış,BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
Həmin fərman inernet resurslarına yerləşdirilməyib, sadəcə, 2004-cü il eyni adlı fərmanda qeyd olunub ki, 1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1-4-cü və 6-ci hissələr ləğv edilib”.
Ləğv edilən bu hissələr isə Baş nazir və digər icra strukturu rəhbərlərinin vəzifə maaşından bəhs edir.
İzləyicilər Baş nazir və digər rəhbər işçilərin maaşını inernet resurslarına yerləşdirilmiş, amma üstündən xətt çəkilərək ləğv olunduğu göstərilməyən 2018-ci il fərmanında görə bilirlər. Halbuki, 2018-ci il fərmanı qüvvəyə minəndən sonra özündən əvvəlki fərmanın elektron formasında uyğun hissəərin üstündən xətt çəkilərək bəzi müddəaların ləğv edildiyi göstərilib. Yeni fərmanın 2018-ci ilin fərmanını qüvvədən salıb-salmadığı məlum deyil.
BBC Azərbaycanca Nazirlər Kabinetindən maaş artımı ilə bağlı məlumat ala bilməyib.
Şəklin alt yazısı,BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğlər həcmində dəyişib.
Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.
Bu, Baş nazirin birinci və digər müavinlərinə də aiddir. Belə ki, Baş nazirin 1-ci müavinin maaşı 2160 manatdan 3260 manata qalxıb. Vəzifə maaşının 2 misli əlavəsi ilə birgə 1-ci müavinin aylıq qazancı təxminən (vergilərsiz və digər sosial tutulmalar olmadan) 10 min manat civarındadır.
Bu fərman toplusunda başqa vəzifəli şəxslərin də vəzifə maaşlarının artımı diqqət çəkir. Məsələn, ötən ilin yanvarından qüvvəyə minən fərmana görə, Azərbaycan Prezidentinin Təhlükəsizlik xidmətinin rəisinə 3000 manat, onun birinci müavininə 2310 manat maaş və aylıq vəzifə maaşlarının 25 faizi qədər əlavə təyin edilib.
Elə həmin il ABŞ-ın Azərbaycandakı səfirliyi sürücü işi üçün vakant elan etmişdi. Bu sürücüyə aylıq maaş kimi təxminən 2300 manat təklif olunurdu, digər viza köməkçisi vakantı üçün aylıq maaş 4500 manat idi.
Şəklin alt yazısı,BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
Şəklin alt yazısı,Maaş artımını göstərən 1609 nömrəli fərman
“Real nazir maaşı üzə çıxdı”
“Ölkə ictimaiyyəti dövlət məmurlarının real gəlirindən bir neçə il əvvəl keçirilmiş “Rabitə işi” məhkəməsi zamanı xəbər tutdu”, – fed.az saytının rəhbəri Əli Əhmədov BBC-yə deyib. O, 2019-cu ildə nazirlərin real gəlirinin nə qədər olması ilə bağlı araşdırma aparmışdı.
“İlk dəfə bu məhkəmədə açıq etiraf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə “paketlər” alıblar. Nazir müavinləri ayda 30 min manat, nazir isə 300 min manatlıq “paket”lə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi”, – Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, nazirlərin rəsmi maaşlarını ölkədə həmin vaxt real bazar qiymətlərilə müqayisə ediblər və məlum olub ki, məsələn, 2 min manat civarında maaş alan nazir bu gəlirlə nə çiyninə götürdüyü vəzifə öhdəliyini keyfiyyətli yerinə yetirməyə həvəs göstərər, nə də dolana bilər: “Axı, nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır”.
Əli Əhmədov hesab edir ki, yüksək vəzifəli şəxslərin rəsmi maaşı ilə onların üzərinə qoyulan məsuliyyət yükü arasında balans pozulub: “Bu məsələ indi də aktualdır. “MTN işi”ndəki məmurların, yeni həbs edilmiş icra başçılarının məhkəmələrində görünür ki, onların rəsmi maaşları ilə real gəlirləri arasında böyük uçurum olub”.
Müsahibimizə görə, 7-8 min manat nazir üçün normal maaş sayıla bilər, çünki onların vəzifədə olduqları müddətdə qanunla əlavə imtiyaz və imkanları olur: məsələn, xidməti maaşından istifadə edir: “Məmurların maaşı elə olmalıdır ki, onlar kənardan gəlir axtarmasın, çünki kənar gəlirlər bir qayda olaraq, qeyri-qanuni olur. Aldığı maaş onun xərclərini ödəməlidir, eyni zamanda pensiyaya çıxanda yüksək məbləğdə pensiya ala bilməlidir. Düşünməməlidir ki, necə dolanacaq”.