Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejim sentyabrın 2-də “dqr-in müstəqilliyinin 30 illiyini” keçirməyə hazırlaşır.
Qafqaz.ir -nin verdiyi məlumata görə, Azərbaycan mediası xəbər verir ki, qondarma rejim bu tədbirdə Ermənistan rəhbərliyinin də iştirakına nail olmaq istəyir, amma Ermənistan rəhbərliyi tədbirə qatılmaqdan çəkinirlər.
Ermənistan mətbuatı isə yazır ki, Ermənistan rəhbərliyindən hələlik heç kim bu tədbirdə iştirakını təsdiqləməyib. Çünki Yerevanda nəzərə alırlar ki, 44 günlük müharibədən sonra Bakı onların Xankəndinə qanunsuz səfərlərinin dayandırılmasını tələb edib və belə səfərlər olacağı təqdirdə sərt addımlar atılacağını bildirib.
Qəzet xatırladır ki, hələ bu ilin yanvarında rəsmi Bakı Ermənistanın o vaxtkı xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərinə sərt reaksiya verərək bu növ səfərlərin dayandırılmasını tələb etmişdi.
Bildirilir ki, Nikol Paşinyan və onun komandası Xankəndinə gəlmək istəmir, sadəcə olaraq parlament nümayəndə heyəti göndərməyə hazırlaşır.
Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə Qarabağda ötən il oktyabrın əvvəllərində, müharibənin şiddətli vaxtında qısa səfər edib və çox keçmədən geri qayıdıb. Həmin vaxtdan bəri onun ayağı Qarabağa dəyməyib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Axar.az portalına deyib ki, Azərbaycan tərəfi sentyabrın 2-də separatçı rejimin qondarma müstəqillik gününü qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır. Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Zira belə bir günün “qeyd edilməsi” həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir.