İbrahimbəyov evini seçki qərargahı edir

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyulun 16-da Brüsselə yola düşür. Bu haqda “Yeni Müsavat”a Milli Şuradakı qaynaq xəbər verib. Birləşmiş müxalifətin prezident seçkilərində vahid namizədi olan Rüstəm İbrahimbəyovun bir sıra Avropa institutlarının rəhbərləri ilə Azərbaycandakı durumla bağlı müzakirələri gözlənilir.
Milli Şura sədrinin Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətinə isə hələlik cavab gəlməyib. Bu arada ötən gün ALP sədri Əvəz Temirxanın dilindən yayılan “Milli Şura Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı rəsmi Moskvaya müraciət edib” xəbərləri də təkzib olunur. Milli Şuranın İcra Aparatı bu haqda açıqlama yayıb: “Mətbuatda müxtəlif məsələlərlə bağlı Milli Şuranın adından həqiqətə uyğun olmayan informasiyaların yayılmasını nəzərə alaraq bir daha xatırladırıq ki, Milli Şuranın rəsmi mövqeyini yalnız təşkilatın qəbul edilmiş sənədlərinə uyğun olaraq Milli Şuranın sədri, Milli Şuranın İcra Aparatının rəhbəri və mətbuat xidməti tərəfindən yayılan informasiyalar əks etdirir”.
“Meydan” TV-nin Rusiya vətəndaşlığından imtina ilə bağlı sualına cavab verən Rüstəm İbrahimbəyov deyib ki, məsələnin müsbət həll ediləcəyinə inanır. Ötən iki gündə sosial şəbəkələrdə geniş müzakirə edilən sözügedən müsahibədə Milli Şura sədri bir sıra ilginc məqamlara toxunub.
Rüstəm İbrahimbəyovun sözlərinə görə, Rusiyada yaranan şərti adı “Milyarderlər klubu” olan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevi dəstəkləyəcək. İbrahimbəyov deyib ki, “LukOil” prezidenti Vahid Ələkbərov seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini bildirib. Azərbaycan iqtidarı ilə yaxın münasibətləri olan İsgəndər Xəlilovun, hakim ailənin qohumu Araz Ağalarovun, uzun illər hakimiyyətin ən yuxarı təbəqəsində təmsil olunan Abbas Abbasovun da mövqeyi eynidir.
Yada salaq ki, son günlərə qədər iqtidar mediası “Milyarderlər klubu”nun həm də Milli Şuranın maliyyə qaynağı kimi təqdim edirdi. Ancaq göründüyü kimi, durum tamamilə fərqlidir. Rüstəm İbrahimbəyov son müsahibəsində bildirir ki, Azərbaycanda çoxları siyasətdən danışmağı sevsə də, real işə gələndə heç kim əlini cibinə salmır. Kinematoqrafın dediyinə görə, o, Milli Şuranın xərclərini özü qarşılamaq zorundadır və bu durumu ailə üzvləri heç də yaxşı qarşılamır: “Son bir-iki ildə mənim gəlirlərim yoxdur. Azərbaycanda iki il bundan öncə rejissor kimi, dəqiq xatırlamıram, 10 ya da 15 min manat qonorar almışam bir filmimə görə. Təqaüd alıram. Moskvada da dərs deyirəm, oradan da pul alıram. Axır vaxtlar təəssüf ki, məcburam bu siyasi işlərə də pul xərcləyəm və mənim ailəm bundan çox narazıdır. Çünki biz azərbaycanlılar siyasətdən çox danışırıq, ancaq işə gələndə əlini cibinə atan yoxdur”. Milli Şura sədri onu da bildirir ki, qurum üzvlərinin bəzi səfər xərclərini də özü ödəyir.
Milli Şura sədri deyir ki, istənilən vaxt gəlir deklorasiyasını açıqlamağa hazırdır.
Bu sırada bir haşiyə. Bu günə qədər ötən ilin payızında Moskvada yaradılan “Milyarderlər klubu” üzvlərinin iqtidarla münasibətlərinin kəskinliyi, hətta onların Azərbaycana buraxılmaması ilə bağlı mediada çoxsaylı yazılar dərc olunub. Baş nazirin keçmiş birinci müavini, “milyarderlər klubu”nda təmsil olunan Abbas Abbasov son müsahibələrindən birində “Azərbaycana rəhmətə gedəndən sonra gələ biləcəm” deməklə faktiki olaraq Azərbaycana buraxılmaması haqqında qadağaları təsdiqləyib.
Ancaq iyulun 11-də “Milyarderlər klubu”nun digər üzvü Araz Ağalarov Bakıda olub. O, oğlu müğənni Emin Ağalarovun Azərbaycanın məşhur mədəniyyət məkanlarından olan “Yaşıl Teatr”dakı konsertində görüntülənib. Onu da vurğulayaq ki, bir neçə ildir Emin Ağalarov iyul ayında Bakıda konsert proqramları ilə çıxış edir. Konsert proqramında Azərbaycan məmurlarının öz ailə üzvləri ilə iştirakı da ənənə halını alıb. Budəfəki konsertdə isə diqqəti çəkən məqam hakim ailənin konsertdə gözə dəyməməsi olub. Yada salaq ki, bir neçə gün öncə Əliyevlərin Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyət Günlərində olması haqqında xəbərlər yayılmışdı. Konsertdəki görüntülərdə gözə dəyən ən ünlü simalar Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya olub.
Qayıdaq yenə Milli Şura ilə bağlı gündəmdə olan məsələlərə. Bəllidir ki, mayın 28-də yaransa da hələlik Milli Şuranın konkret ofisi yoxdur. Rüstəm İbrahimbəyovun digər bir projesi – EL hərəkatı da ofissizdir. Martın 12-də yaranan qurum yaranandan dərhal sonra 1 həftədə 2 müxtəlif ofisdən çıxarılıb. Milli Şuraya gəlincə, hələlik sessiyalar və toplantılar quruma üzv partiyaların qərargahlarında keçirilir.
Ötən gün belə bir xəbər yayıldı ki, Milli Şuranın Seçki Qərargahı Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində yerləşəcək. Hələlik Milli Şuranın İcra Aparatı bu haqda heç bir rəsmi açıqlama yaymayıb. Yada salaq ki, Rüstəm İbrahimbəyovun sahib olduğu mülkdə buna qədər Ziyalılar Forumunun toplantıları keçirilib, bir sıra təqdimat mərasimləri baş tutub. Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət Evindəki ofisindən çıxarılandan sonra da əmlakının bir hissəsini həmin evə yığıb. Böyük ehtimalla İçərişəhərdəki həmin bina yaxın aylarda Azərbaycan müxalifətinin əsas qərargahı rolunu oynayacaq.