Sentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Azərbaycanın zəngin şahmat ənənələrinə malik ölkə olduğunu bildirib. O, 2008-ci ildə Azərbaycanda dünyada yeganə olan Şahmatın İnkişafına dair Dövlət Proqramının imzalandığını deyib.
Mahir Məmmədov çıxışında kişi şahmatçılardan ibarət Azərbaycan millisinin 2 dəfə Avropa çempionu, “SOCAR Azerbaijan” klubunun isə iki dəfə Avropa Çempionlar Kubokunun sahibi olduğunu vurğulayıb.
Dünya Kubokundan danışan M.Məmmədov bildirib ki, 45 ölkədən 128 şahmatçının qatılacağı yarışın finalçıları İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
O, hər bir iştirakçının pul mükafatına sahib olacağını və bütün vəsaiti Azərbaycan tərəfinin təmin edəcəyini açıqlayıb. Mahir Məmmədov Dünya Kubokunda Ermənistan şahmatçılarının da iştirak edəcəyini bildirərək qeyd edib ki, Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya Kubokuna qatılacaq.
M.Məmmədov bildirib ki, erməni şahmatçıların iştirakı ümumi qaydada olacaq: “Onların təhlükəsizliklərini təmin etmişik. Bütün iştirakçılar və yarışın özü “Fairmont Hotel”də olacaq. Onlar elə bu hoteldə qalacaqlar. Ona görə də erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur”.
Əməliyyat Komitəsinin direktoru bildirib ki, Ermənistan şahmatçıları ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur:
“Onlarla bizim şahmatçıların görüşləri ətrafında yalnız ilk illərdə ajiotaj olub. Sonradan o qədər yarışda birgə iştirak olub ki, onlarla görüşlər adi xarakter alıb. Ümumi götürdükdə, üstünlük bizim tərəfdədir. Amma buna adi bir hal kimi yanaşırıq. Ajiotaja yol verməməliyik”.
Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 ABŞ dollarıdır
– See more at: http://islaminsesi.org/index.php/lk/item/42184-ermaenilaer-bak-ya-zhaelir-raesmi#sthash.wVffWWBx.dpuf