
[jwplayer mediaid=”7884″][jwplayer mediaid=”7884″]AİP-in baş məclisində zindandakı islamçılarla bağlı bəyanat qəbul edildi
Məcls Quran ayəsi ilə açılmış, son aylarda AİP sıralarında dünyasını dəyişmiş islamçıların ruhlarına dualar oxunmuşdur
İslaminsesi.az-ın verdiyi xəbərə görə, Bu gün Azərbaycan İslam Partiyasının növbəti Baş Məclisi keçirildi. Baş Məclisin gündəliyinə partiyada ümumi vəziyyət, ictimai-siyasi proseslərdə AİP-in rolu və mövqeyi, ölkədə ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, İslam Partiyası sədrinə və üzvlərinə qarşı məhrumiyyətlərin davam etdirilməsi, təcridxanalardan son məlumatlar, AİP-in “Vətən” bloku daxilində fəaliyyətinin indiki vəziyyəti, təşkilati məsələlər daxil edilmişdir.
Məcls Quran ayəsi ilə açılmış, son aylarda AİP sıralarında dünyasını dəyişmiş islamçıların ruhlarına dualar oxunmuşdur.
Toplantının gündəliyində duran məsələlər barədə AİP sədr əvəzi Elçin Manafov və siyasi şöbənin rəhbəri Akif Heydərli çıxışlar etmiş, ölkədə baş verən proseslərə münasibət bildirərək qurumun mövqeyini açıqlamışlar. Bundan əlavə, Baş Məclisdə təşkilati məsələlərə baxıldı. AİP sədr əvəzi Elçin Manafov qurumun təşkilatı məsələlər üzrə müavinliyinə AİP Sumqayıt RK sədri Vüqar İbayevi təqdim etdi. O, Baş Məclisinin üzvləri tərəfindən səsvermə yolu ilə yekdilliklə AİP-in təşkilatı məsələlər üzrə sədri seçildi.
Müzakirələrdə AİP rayon təşkilatları fikir və düşüncələrini dilə gətirmiş, nailiyyətlər və çatışmazlıqlar barədə danışmışlar. Azərbaycan İslam Partiyası Baş Məclisi ölkədə baş verən ictimai-siyasi proseslər, ölkə vətəndaşlarının hüquqlarının pozulması, günahsız yerə məhrumiyyətlərə məruz qoyulan, cəmiyyətdən qanunsuz olaraq təcrid edilən və cinayətsiz cəza tətbiq edilərək həbs edilən İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və digərlərinin zindanlarda saxlanmasının davam etdirilməsi ilə bağlı bəyanat qəbul etmişdir.
Bəyanatda deyilir:
“Artıq 22 ildir ki, Azərbaycanın 20 faiz torpaqları bir ovuc erməni qəsbkarının işğalı altındadır. İndiki hakimiyyətin daxili və xarici siyasətinin zəifliyi səbəbindən, düşmən tərəfindən zəbt olunmuş doğma şəhər və kəndlərimiz xarabazara çevrilmişdir. Dünyanın güc mərkəzləri erməni işğalını etiraf etmək, rejimə qarşı beynəlxalq hüquq normaları çərçivəsində sanksiyalar tətbiq etmək əvəzinə, Azərbaycana qarşı separatizmə dəstək verir, qondarma rejimlərə, hətta müxtəlif maliyyə və digər yardımları göstərir.
Dövlətimizə və xalqımıza qarşı ikili standartların tətbiqinin bir səbəbi ermənilərə göstərilən xristian təəssübkeşliyidirsə, digər səbəbi Respublikamızda antidemokratik qüvvələrin hakimiyyətdə təmsilçiliyi, ölkə miqyasında rüşvət və korrupsiyanın qarşısıalınmaz bir bəlaya çevrilməsi, hakim dairənin bu bəladan qurtula bilməməsi, insan haqlarının ən kobud şəkildə pozulmasıdır.
Cinayətsiz cəzaların tətbiqi, cinayətkarların azadlıqda dolaşması, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan üzrə məhkəmə iddialarının, xüsusən də siyasi əqidəsinə görə təqiblərə məruz qalan vicdan məhbuslarının müraciətlərinin MDB məkanında ən yüksək pillədə durması dövlətimizin imicinə ağır zərbədir.
Məhz bizim, İslam Partiyasının üzvləri üçün ən narahatedici faktorlardan biri də, xarici qüvvələrin xalqımızı mənən parçalamaq üçün müxtəlif vasitələrə əl atmasıdır. Öncə vəhabizm kimi istər İslam dini, istərsə də ümumən xalqımız üçün zərərli bir qondarma təriqətin xaricdən Azərbaycana daşınması, sonra da bundan daha qorxulu olan nurçuluğun cəmiyyətdə geniş yayılması onu parçalamağa gətirib çıxarmışdır. Bu gizli düşmənçilik isə bizi açıq təhdid edən düşmən qarşısında zəiflədir, dövlətçiliyimizi böyük təhlükələrə doğru aparır.
Xalqımızın bu gün təqvalı, namuslu, Vətənimizin qeyrətini canından əziz tuta bilən insanlara ehtiyacı böyükdür.
Təəssüflər olsun ki, Hacı Mövsüm, Hacı Fəramiz, Hacı Abgül, Hacı Taleh, Ruhulla, Firdovsi və onlarla bu kimi digər inanclı, siyasi əqidəli insanlar günahsız yerə bu gün də zindanlardadırlar. AİP sədri Hacı Mövsüm Səmədov nə həbs olunmamışdan əvvəl, nə də ki, hazırda yaşadığı məhbus həyatı dövründə bu ədalətsizliklərə, sağlam cəmiyyətə zidd mənfiliklərə göz yummayıb və yummur. Amma göründüyü kimi, dövlət rəhbərliyi bu nöqsanların aradan qaldırılması istiqamətində addımlar atmaq, səylər göstərmək əvəzinə Mövsüm Səmədovun karsa salınmasına rəvac verilir. Başa düşmək lazımdır ki, onlara qarşı edilən zülm xalqa qarşı edilən zülmdür. Onlar xalqımızın maraq və mənafeyindən başqa bir şey tələb etmirlər. Bir ailənin haqsız təqibi bir xalqın etimadını itirməkdir. Adlarını sadaladığımız və sadalamadığımız digər dəyərli Azərbaycan vətəndaşlarına qarşı edilən qanunsuzluqlar, nəinki hər bir azərbaycanlıya, o cümlədən bütün dünyaya aydındır.
Ölkə məmurları arasında hərcmərclik baş alıb gedir. Hüquq-mühafizə orqanları sağlam əqidəli insanları qaralamaqdan, ləkələməkdən çəkinmirlər. Rüşvətxorluq üçün hər addımda münbit şərait yaradılır. Cəzaçəkmə müəssisələrində və təcridxanalarda rüşvət halları açıq bazarı xatırladır. Bu qapalı şəraitdə narkomaniyanın süni şəkildə yayılması, gələcəkdə ictimaiyyət içərisində potensial narkomanların çoxalacağından xəbər verir. Bu isə cəmiyyətin pozulmasına və sürətlə məhvinə gətirib çıxaracaqdır.
Baş verən qanunsuzluqların aradan qaldırılması üçün indiki hakimiyyətdən təcili tədbirlər görməsini tələb edir, xalqımızı fitnə-fəsadlardan uzaq olmağa, hər cür mənfi hallara qarşı birgə mübarizəyə səsləyirik.
Azərbaycan İslam Partiyasının Baş Məclisi 19.05.2014.”