ArxivXəbər lentiXəbərlər

Gizli Qarabağ hazırlığı: Sərkisyan güzəştə gedir

Ermənistanda ikipərdəli tamaşanın birinci səhnəsi başa çatdı. İkinci pərdə isə Sərkisyan tərəfindən irəli sürülən milli barışıq hökumətinin qurulmasıdır.

Ermənistanda baş verənlərin, sadəcə, bir oyun olması ilə bağlı fikirləri təsdiqini tapan sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlamasında prosesin növbəti mərhələsini dəyərləndirib.

Politoloq bildirib ki, Sərkisyan əsas məqsədinə – devrilməsi və ya istefaya getməsi ilə bağlı məsələlərin boşa çıxmasına nail olduqdan sonra indi üzərindəki məsuliyyəti bölüşməyi qərara alıb:

“Sərkisyan sülh danışıqları prosesi, xüsusilə sülh anlaşmasının böyük məsuliyyət tələb etdiyini bilir. Əgər böyük sülh sazişi imzalanarsa, bunun məsuliyyəti hökumətin üzərinə düşəcək. Çünki ermənilər o qədər qızışıblar ki, hər hansı kompromisi qəbul etmirlər. Sərkisyan milli barışıq hökuməti dedikdə, məhz, hakimiyyətin bir hissəsini güzəştə getməyə hazır olduğunu bəyan etmək istəyir. Yəni, bütün sayılan milli qüvvələrin iştirakı ilə milli barışıq hökumətinə gedirlər. Bu, həm də məsuliyyətin bölünməsi məsələsidir. Yəni Sərkisyan bununla bir növ sanki özünü sığortalayır. Bunun üçün də milli barışıq hökumətinin qurulması lazımdır. Söhbət üzdə olan siyasi partiyaların və qüvvələrin iştirakı ilə yeni həmrəylik hökumətinin formalaşmasından gedir”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistan tərəfi qurulacaq yeni hökumətlə Dağlıq Qarabağ danışıqlarına mandat verəcəyini düşünür:

“Yəni milli barışıq hökuməti danışıqların hansı fundamental prinsiplər əsasında aparılmasına razılıq verəcək. Əgər o, danışıqlar prosesində nəticələr əldə edərsə, bunları bir növ təsdiqləyəcək və həmin nəticələr əsasında sülh şərtlərinin bağlanmasına razılıq verəcək. Bu, Sərkisyan tərəfindən atılmış hiyləgər addımdır. Çünki Sərkisyan hər şeyin bütün mili qüvvələrin iştirakı ilə həyata keçirilməsinə nail olmaq istəyir. Ancaq burada bir məsələ var, Petrosyan, Dəmirçiyan, İrs Partiyası və s. milli barışıq hökumətinə qatılacaqmı? Görünür, Sərkisyan əsas olduğu üçün də belə bir açıqlama verib”.

Ermənistanda hökumət böhranı adı altında başlanan prosesin növbəti mərhələsi sayılan milli barışıq hökumətinin qurulmasının kifayət qədər çətin bir prosesi olduğunu deyən politoloq bu yolda razılıq əldə edilsə də, səlahiyyətlərin bölüşdürülməsi məsələsinin çox vaxt aparacağını açıqlayıb.

Q.Hüseynli Sərkisyanın daxildəki böhranı bəhanə gətirərək növbəti görüşdə də özünü qeyri-konstruktiv aparacağını deyib:

“Erməni rəhbəri heç bir məsələni razılaşdırmayacaq. Səbəb olaraq da ölkəsində milli barışıq hökumətinin qurulmasını və yalnız bundan sonra ciddi danışıqlar prosesinin mümkünlüyü göstərəcək. Beləlikə, Dağlıq Qarabağ problemi yolunda əmələ gələn bu marafonabənzər yeni məsafə ermənilərin vaxt amilindən özləri üçün maksimum istifadə etmələrinə söykənir”.

Qeyd edək ki, İrəvanda post-patrul polisi polkunun binasını 15 gündür ələ keçirən “Sasna çrer” silahlı qrupunun təslim olmasından sonra Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O bildirib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button