
Bu ölkədə də şəffaf seçki keçirildi
Əfqanıstanda prezident seçkisi başa çatıb. Leysan yağış yağmasına baxmayaraq, seçki məntəqələrində səsvermə üçün uzun növbələr yaranıb. Əfqanıstan prezidentliyi uğrunda 8 namizəd mübarizə aparıb. Ölkə Ana Yasasına uyğun olaraq, hazırkı dövlət başçısı Həmid Karzay prezidentliyə namizədliyini irəli sürməyib. Əfqanıstan Konstitusiyasına əsasən, o, üçüncü müddətə namizədliyini irəli sürə bilməz. Ölkədə ilk demokratik seçki səsverməsində 12 milyon əhalidən 7 milyonu – 58% iştirak edib.
ABŞ prezidenti Barak Obama seçkilərdə iştirak edən əfqanıstanlıları təbrik edib: “Bu seçkilər Əfqanıstanın demokratik gələcəyi və ölkəyə beynəlxalq yardım üçün çox önəmlidir. ABŞ suveren, demokratik Əfqanıstana dəstək olmağa davam edir. Biz əfqanıstanlıların seçdiyi yeni hökumətlə əməkdaşlıq etməyə hazırıq”- deyə Barak Obama bildirib.
Biz, azərbaycanlılar həmişə sivil dünya ölkələrində keçirilən seçkilərə həsədlə baxmışıq və bu seçki mədəniyyətini nümunə kimi qəbul etmişik. Ancaq bir gün Əfqanıstanın da seçib-seçilmək məsələsində bizi qabaqlayacağını və dünyanın təbrikini alacağını gözləmirdik. Əslində, Əfqanıstanda keçirilən seçki Azərbaycan hakimiyyəti üçün ibrət dərsi olmalıdır. Həmid Kərzainin özünə rəva bilmədiyini Ilham Əliyev “bacardı” və Azərbaycanın adını Əfqanıstandan alt pillədə yazdırdı.
Hər kəs xatırlayar ki, Azərbaycanda keçirilən 9 oktyabr seçkilərində Ilham Əliyev qalib elan edilsə də, dünya ölkələri, o cümlədən ABŞ, Azərbaycan prezidentini 1 aydan sonra, noyabrın 9-da təbrik etdi. Bunun isə hansı anlama gəldiyini xırdalamağa ehtiyac yoxdur. Mənim bir tarix müəllimim var idi və Əfqanıstanı “Allahın qarğışı tutmuş yer” adlandırırdı. Bildiyimiz kimi Əfqanıstan həmişə dünyanın ən qaynar nöqtəsi olub, ölkə ərazisinin böyük hissəsin düzənliklər təşkil edir, insanların həyat şəraiti çətin və təhlükəlidir, terror, məhəlli döyüşlər, partlayışlar bu ölkədən əksik olmur və s.
Bütün bunlara baxmayaraq ölkədə seçici aktivliyi ilə müşahidə olunan seçki keçirildi və nəticələr açıqlanmadan ABŞ prezidenti Barak Obama Əfqanıstan xalqını təbrik etdi.
Görünür, “Allahın qarğışı tutmuş yer”in sakinləri bu qarğışdan xilas olub, ədalətli seçki uğrunda birləşə biliblər. Ilham Əliyev hakimiyyəti isə, “bu ölkə düzələn deyil” qarğışını hələ də xalqın təfəkkürünə yeritməkdədir. Istənilən halda Əfqanıstanda keçirilən seçkilər və dünyanın bu seçkiyə münasibəti Azərbaycan hakimiyyəti üçün utancdır.
Əfqanıstan nümunəsi qarşısında “Bizim Qarabağ kimi dərdimiz var”, vətənşüvənliyi də öz cazibəsini itirir. Çünki Əfqanıstan, demək olar, həmişə müharibə ab-havasında yaşayıb. Əfqanıstandakı seçkilərdən sonra “Bizim xalq demokratiyaya hazır deyil” ifadəsi isə, sadəcə xalqı təhqir etməkdir. Bir sözlə, bizim rejim bütün bəşəri dəyərləri pula satmağa qərar verib və bu ölkəni dünyanın ən sonuncusu etməkdə israrlıdır.