Azərbaycan İslam Partiyası Səudiyyə Kralına səsləndi

Akif Heydərli: “Biz Misirdə baş verənləri İslam düşmənlərinin Müsəlman torpaqlarında növbəti və həm də daha irimiqyaslı fitnə-fasadı hesab edirik. Strateji maraqların, İslam Oyanışı Hərəkatının yayılmasından və müsəlmanların vəhdətindən qorxuya düşməyin nəticə olan bu zorakılıq hər gün insanlıq faciəsi ilə bitdiyi üçün Misir xalqı baş verənlərə daha ayıq nəzərlə yanaşmalı, düşmənin niyyətinin həyata keçməsinə yol verməməlidir.”
Azərbaycan İslam Partiyası funksioneri Akif Heydərli Səudiyyə Ərəbistanı kralının Misirdə həyata keçirilən dövlət çevrilişini dəstəkləməsi ilə bağlı mövqeyinə bəyanatla münasibət bildirib.
O deyib: “Səudiyyə kralının mövqeyi hər şeydən öncə, İslam əxlaqına, ədalətinə sığmayan bir xarakterik cəhətdir. Bu cür münasibəti yalnız şeytan əməlinin bəhrəsi kimi qiymətləndirmək olar. Mən bu jesti Qərbin və sionizmin, başda ABŞ olmaqla İslam dinini terror və zorakılıqla bağlaması cəhdinə kralın “böyük töhfəsi” hesab edirəm. Müqəddəs torpağın mərkəzində duranların məqsəd və niyyətlərinin belə münasibətlərdə-insanların zorakılıq və qəddarlıqla məhv edilməsini, azadlığın bütün nişanələri və əlamətlərinin-azad seçkinin, xalqın hakimiyyətinin əlindən zorla alınmasını dəstəkləməsi və dünyanı bu ədalətsizliyə hər növ yardım göstərməyə çağırması dinimizə deyil, məhz onun düşmənlərinə xidmət etmələrini bir daha sübut edir. Bir daha əmin olmaq olar ki, bu insanlarda İslam dinindən əsər-əlamət qalmamışdır.
Bu gün Türkiyə Baş Nazirinin dedikləri ilə razılaşmamaq olmaz. Məkkəyə nəzarət Səudiyyə Ərəbistanının himayəsindən alınmalı və bütün dünya müsəlmanlarının, haqq və ədalət sahiblərinin nəzarətinə verilməlidir.
Azərbaycan İslam Partiyası Səudiyyə kralının İslama qarşı bu zidd mövqeyini təsadüf kimi qəbul etmir. Biz bu mövqeyi rejimin məntiqi nəticəsi kimi qiymətləndirir, və bütün dünya haqsevər müsəlmanlarını müqəddəs ziyarətgahlara sahib çıxmağa, Allahın yaratdığı insanlıq, ədalət və qiyamət simvollarını qorumağa çağırırıq.
Biz Misirdə baş verənləri İslam düşmənlərinin Müsəlman torpaqlarında növbəti və həm də daha irimiqyaslı fitnə-fasadı hesab edirik. Strateji maraqların, İslam Oyanışı Hərəkatının yayılmasından və müsəlmanların vəhdətindən qorxuya düşməyin nəticə olan bu zorakılıq hər gün insanlıq faciəsi ilə bitdiyi üçün Misir xalqı baş verənlərə daha ayıq nəzərlə yanaşmalı, düşmənin niyyətinin həyata keçməsinə yol verməməlidir.
Biz sionizmə dünyahərislik naminə satılmış məlun və münafiqlərə isə birdəfəlik yox demək vaxtının çatdığını bir daha bəyan edirik. Bu yolda Böyük Yaradan köməyimiz olsun!”