Azərbaycan Ordusunun 2 əsgəri qəzada biri isə qətl nəticəsində ölüb

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. əsgər Əliyev Tahir isə xəstəxanada dünyasını dəyişib.
Digər tərəfdən Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidməti bildirib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq tədbirləri davam edir.