Hökumət yeni qiymət artımına hazırlaşır

Ötən ilin sonunda başlanan bahalaşma dalğasının 2014-cü ildə də davam edəcəyi bildirilir.
Ekspertlərin fikrincə, tezliklə qorxunc bahalaşma dalğası Azərbaycanı ağuşuna alacaq. 2013-cü ilin dekabrında baş verən benzin bahalaşmasından sonra indi də kommunal xidmətlərin, işığın, qazın və suyun qiymətinin artacağı vurğulanır. Fevralın 1-dən yeni bahalaşmaya start veriləcəyi söylənilir.
Ekspertlər bildirirlər ki, bahalaşma tezliklə bütün sahələri əhatə edəcək və ölkəni ciddi bahalaşma dalğası bürüyəcək. Yəni ötən il baş verənlər bahalaşma dalğasının anonsudur. Artan qiymət səviyyəsi isə iqtisadiyyatın strukturunda başqa korreksiyalar doğuracaq. Digər mal və xidmətlərin qiymətlər də artacaq.
Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatında növbəti bir bahalaşma dalğasının əsası qoyulub. Yeni dalğanın yaranması, sonra təsirlərinin daha da genişlənməsi gözləniləndir. Bahalaşma yalnız ərzaq, qeyri-ərzaq məhsullarını əhatə etməyəcək. Ölkədə həm tənzimlənən, həm tənzimlənməyən qiymətlərin hamısının artımına gətirib çıxaracaq./IslamTimes/