ArxivNardaranXəbər lentiXəbərlər
Anası Elçin Qasımlıya məktub yazdı: “Sənin “günahın” Vətənini canından çox sevməyindir…-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.
Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.
Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.
Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.
Layihə Ramazan ayı boyunca davam edəcəkdi. Lakin məktublar çox olduğundan, oxucularımızın israrlı tələblərini nəzərə alıb, vaxtı uzatdıq. Biz hər zaman Sizi düşündük. Sizin yazdığınız bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.
Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.
Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.
Bu dəfə “Zindana məktub”u Müsəlman Birliyi Hərəkatının sədr müavini, şərlənərək həbs edilən siyasi məhbus ilahiyyatçı Elçin Qasımlının anası Afət Qasımova göndərib.
“Bilirəm ki, sənin günahın Vətəni canından çox sevməyindir…
Allahın adıyla
Salam Elçinim. İnşallah ki, yaxşısan. Sənin gülər üzün, şirin söhbətlərin ücün bilsən nə qədər darıxmışam. Ana qurban olsun sənə, bizdən nigaran qalma. Bütün bu haqsızlıqlara baxmayaraq, əhval-ruhiyyəmiz yüksəkdir. Sənə olunan işgəncələr, yalançı şahidlər, ədalətsiz məhkəmə hökmləri sındıra bilmədi bizi, əksinə daha da gücləndirdi.
Bu əsassız ittihamlar, Allah şahiddir ki, səndən çox uzaqdır. Yaradanın izni ilə bir gün haqq ədalət öz yerini tutacaq. Sənin gözlərində olan o ümüd, gələcəyə saglam baxışın mənə bunu deməyə əsas verir Elcinim!
Hər dəfə “Ana darıxma, möhkəm ol, hər şey yaxşı olacaq” deyirsən. Mən möhkəməm oglum, sən bildiyindən də möhkəməm. Amma səni bu böhtanlardan qoruya bilmədiyim ücün cox üzülürəm. Bilirəm ki, günahın yoxdur. Sənin günahın Allahı çox sevməyindir, bilirəm ki, sənin günahın Vətəni canından çox sevməyindir.
Nə yaxşı ki, beləsən, haqqın yanında, zalımın qarşısındasan. Məktəbdə oxuyanda “Ana Qarabagı biz azad edəcəyik” deyirdin. İnşallah. Allah haqqın himayəçisi, zalımın qənimidir. O, yardım edən və həmd ediləndir.
Sənə, sənin timsalinda bütün günahsız məhbuslara, izzətli azadlıq arzulayıram, Elçinim.
Sənə dəyərli dostlarından, əziz atandan, canın qardaşından, yoldaşından, gözü yolda qalan sevimli körpələrindən çoxlu -çoxlu salam var.
Allaha əmanət ol oğlum.
Səni canından çox sevən, yolunu həsrətlə gözləyən Anan.
2018-ci il-14 iyun.”