Nigeriya polisinin Aşura günündə İmam Hüseynin (ə) əza mərasiminin iştirakçılarına hücumu nəticəsində şəhid olanların sayı üçə çatıb.
Aşura günündə əza mərasimləri Nigeriyanın müxtəlif yerlərində İmam Hüseynin (ə) aşiqlərinin iştirakı ilə keçirilib. Nigeriyanın bir çox şəhərlərində bu mərasim sakit keçib. Ancaq Sokoto şəhərində polis İmam Hüseynə (ə) əza saxlayanlara atəş açıb. Şəhərdə keçirilən Aşura əza mərasimi dinc şəraitdə keçib, amma mərasimdən sonra polisin niyə insanlara atəş açdığı bəlli deyil.
Qeyd edək ki, Nigeriya polisinin hücumu nəticəsində 3 nəfərin şəhid olması ilə yanaşı, 12 əzadar da yaralanıb.
Sokoto polisinin hücumu əza mərasimində iştirak edənlərin mərasimdən sonra evlərinə getmək istədikləri zaman baş verib. Yerli polis əzadarlara güllə və gözyaşardıcı qazdan atəş açıblar. Sokoto polisi xəbərləri təkzib etməyə çalışaraq heç kimin ölmədiyini və ya yaralanmadığını, Nigeriya İslam Hərəkatı üzvləri arasında toqquşmaların qarşısını almaq üçün peşəkar şəkildə hərəkət etdiklərini iddia edib.