ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Azərbaycan Sosial Tərəqqi İndeksində qonşu ölkələrdən geridə qalıb

Sosial Tərəqqi İndeksi ilə bağlı illik hesabat açıqlanıb. 170 ölkə arasında aparılmış araşdırma nəticələrinə görə, Azərbaycan 62.67 balla 99-cu yerdə qərarlaşıb.
İndeks qlobal sosial performansın qeyri-iqtisadi aspektlərinə diqqət yetirir, şəffaf və icra edilə bilən məlumatlar və cəmiyyətlərin real durumu ilə bağlı hərtərəfli məlumatlara əsaslanır.
2024-cü il açıqlanan Sosial Tərəqqi İndeksi 170 ölkədəki son 13 illik (2011-2023) vəziyyəti, sosial tərəqqi məlumatlarını əhatə edir.
İqtisadçı Rövşən Ağayev deyir ki, qiymətləndirmə 12 indikator əsasında 100 ballıq şkala üzrə aparılır. Onun deməsinə görə ötən il Azərbaycan 63.26 bal almışdı, indiki vəziyyət sosial tərəqqidə geriləmə olduğunu göstərir. Hesabatda ölkələr 6 qrupda təsnifləşdirilib. Azərbaycan 4-cü səviyyədə yer alıb. 4-6-cı qrupla əsasən, 3-cü dünya ölkələridir. Keçmiş SSRİ ölkələrindən Baltik ölkələri 1-ci qrupda, Gürcüstan, Moldova və Ermənistan 2-ci səviyyədə, Ukryana, Rusiya, Özbəkistan Belorus, Qazaxıstan və Qırğızıstan 3-cü səviyyədə, Azərbaycan, Türkmənstan və Tacikstan 4-cü qrupda yer alıb. 1-ci yerdə 90.38 balla Danimarka, sonuncu yerdə 25.93 balla Cənubi Sudan dayanır.
