Xəbərlər

Cənubi Qafqazda terrorizm separatist rejimlərlə əlaqədardır

Milli Məclisin deputatı Azay Quliyev oktyabrın 14-də ATƏT-in Parlament Assambleyasının sessiyasında “ATƏT ərazisində terrorla mübarizə və transmilli təhdidlər və insan haqlarına hörmət” mövzusunda məruzə ilə çıxış edib.

A.Quliyev bildirib ki, bu gün dünyada elə bir dövlət yoxdur ki, tamamilə terrordan sığortalanmış olsun. Dünyanın ən qabaqcıl ölkələrindən tutmuş ən kiçik inkişaf etməkdə olan ölkəsinə kimi bütün dövlətlər müxtəlif zamanlarda ya terror hədəfinə çevrilib, ya da ən azı terror təhlükəsi ilə üz-üzə dayanıb. Antiterror cəhdləri yalnız güclü dövlətlərin mövcud olduğu ərazilərdə cəmiyyətlərin və ölkələrin birlikdə olduğu hallarda daha təsirli olub: “ABŞ-da baş vermiş məlum 11 sentyabr hadisəsindən sonra dünyanın 150 – dən çox dövləti birləşərək terrorun daha geniş ərazilərə yayılmaması üçün ona qarşı mübarizə elan etdilər. ATƏT–ə üzv ölkələr kimi, biz müəyyən öhdəlikləri özündə ehtiva edən çox sayda qərarlar qəbul etdik və terrorizmlə mübarizə istiqamətində təsirli tədbirlər həyata keçirdik. Son 12 ildə baxmayaraq ki, terrorla mübarizədə əsaslı uğurların şahidi olmuşuq, ancaq bu qlobal təhlükə hələ də dünyada qalmaqdadır. Bunun əsas səbəbi odur ki, dünya birliyinin güclü səylərinə baxmayaraq, terror təşkilatlarının fəaliyyət göstərməsi və inkişafı üçün əlverişli mühitlər hələ də dünyanın müxtəlif yerlərində mövcuddur”.

Deputat bildirib ki, bəzi ölkələr terrorist təşkilatların bank hesablarını dondurmaqla, ciddi sərhəd yoxlama və güclü nəzarət mexanizmləri vasitəsilə terrorla mübarizədə uğurlar əldə etmişlər. Lakin bu gün dünyada terrorizm özünü müxtəlif regionlarda fərqli şəkildə göstərir. Hər regionun özünün səciyyəvi cəhətləri var. Məsələn, Orta Şərqdə terrorizm birbaşa müəyyən ekstremist qruplarla bağlıdırsa, Cənubi Qafqazda terrorizm separatist rejimlərlə əlaqədardır.

A.Quliyev deyib: “Hər kəsə məlumdur ki, Cənubi Qafqazda separatçı rejimlər nəzarət altına aldıqları ərazilərdə varlıqlarını qorumaqdan ötrü terror təşkilatlarına fəaliyyət göstərmələri üçün hər cür şərait yaradırlar. Separatist rejimlərin və bir sıra dövlətlərin köməyi ilə terror təşkilatları nəzarətsiz ərazilərdən məqsədlərinə çatmaq üçün istifadə edərək qanunsuz narkotik vasitələrin, silahların daşınması, insan alveri, çirkli pulların yuyulması və digər qanunsuz əməllərlə vəsait əldə edərək özlərinin qlobal maliyyə dəstəyini təmin edirlər.

Terrorla ən təsirli mübarizə ona qarşı bütün cəbhələrdə vuruşmaqdır. Ona görə də mən iştirakçı ölkələri terrorizmi, ekstremizmi və separatizmi dəstəkləyən dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıram. Terrorizm üçün şərait yaradan mühiti aradan qaldırmayınca terrora tamamilə qalib gəlmək mümkün olmayacaqdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button