Zəncani ipdə, bizimkilər cipdə

İran Ali Məhkəməsi 14 milyard dollarlıq sərvətin yiyəsi olan Babək Zəncaninin haqqında çıxarılmış ölüm hökmünü təsdiqləyib və əgər möcüzə baş verməsə, adamı qaldırıcı kranın altına aparıb boynuna ip keçirəcək, havaya qaldıracaqlar.
Orası İran, orda qaldırıcı kranın altına aparılanlarla bağlı möcüzələr tez-tez baş vermir.
Zəncaninin günahı odur ki, dövlətin, xalqın milyardlarını mənimsəyib, onlardan öz şəxsi varidatının artması üçün yararlanıb. İlişəndən sonra, o, 2.8 milyard dollarlıq borcunu qaytararaq boynunu kəndirdən qurtarmaq istəsə də, buna nail ola bilməyib.
İranda bu cür cinayətlər törədənlər bağışlanmır.
Çində də İranda olduğu kimi edirlər, dövlətə, xalqa qarşı külli miqdarda maliyyə fırıldağı gələn, zərər vuran şəxslər edam olunur.
Ancaq elə ölkələr var ki, bu kimi cinayətlərə çox dözümlü yanaşırlar, canini edam etmirlər, uzağı həbs cəzası kəsirlər və 3-5 ildən sonra əfv edib azadlığa buraxırlar.
Elə ölkələr də var ki, dövlətin büdcəsini, xalqın malını əmin-arxayın şəkildə talayan, korrupsiyanın kitabını yazan minlərlə adamdan yalnız bir qrupunu (15-20 nəfər) həbs edir, cəzalandırırlar.
Hamınız bilirsiniz, bu günlərdə ölkəmizdə gedən qalmaqallı məhkəmə proseslərində ləğv edilmiş MTN-nin və adı qismən dəyişdirilmiş Rabitə Nazirliyinin sabiq rəhbərlərinin bir qismi mühakimə olunur. Bundan əvvəl Beynəlxalq Bankın rəhbərliyi talançılıqda mühakimə olunmuşdu.
Onlar da eynilə Zəncani kimi ölkənin neft pullarının mənimsənilməsində, maliyyə fırıldaqlarında ittiham olunurlar. Məhkəmədə yer alan etiraf dolu çıxışlarda sabiq məmurların milyonları necə pay-püşt etdikləri sadalanır. Ancaq yenə də korrupsiya zəncirinin halqaları tam şəkildə ortaya çıxmır.
İfadələrdən belə anlaşılır ki, “korrupsiya çeteləri”nə rəhbərliyi nazirlər həyata keçirib, ancaq mühakimə olunanlar 3-cü, 4-cü dərəcəli şəxslərdir, birincilərin adı tez-tez çəkilsə də, onlara dəyib-dolaşan yoxdur. O mənada ki, bu şəxslər müttəhimlər qəfəsində deyillər.
Belə görünür ki, onların divanı, sorğu-sualı tamam başqa auditoriyalarda gedib (və ya gedir), cəzaları da tamam başqa zalda kəsiləcək (və ya kəsilib).
Əslində, bu, bir Azərbaycan fenomenidir – mütəşəkkil cinayət qruplaşmasının üzvlərini açıq və toplu halda, rəhbərlərini isə ayrıca və qeyri-leqal mühakimə etmək.
İstəsək, bu mühakimə üslubunda humanizm və mərhəmət ünsürləri tapa bilərik. Baxın, Babək Zəncaninin dövlətdən oğurladığı 2,8 milyard dolları qaytararaq edamdan qurtarmaq arzusu reallaşmadısa, sabiq rabitə naziri Əli Abbasov dövlət büdcəsinə ödəmələr edərək azadlıqda qaldı. Eləcə də o biri korrupsionerlər öz bahalı ciplərində arın-arxayın gəzməkdədirlər.
Heç Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da MTN generalı Akif Çovdarova ödədiyi 3 milyon dolların mənbəyi barədə araşdırma aparan yoxdur. Araşdırsalar, əlbəttə, o pulların maaş və qonorar hesabına birikmədiyi ortaya çıxacaq.
Söhbət korrupsiya və talançılığa qarşı aparılan mübarizənin yarımçıqlığından, səthiliyindən, epizodikliyindən gedir.
Hamımız bilirik ki, dövlət strukturlarında çalışanlara “paket maaş” verilməsi halları təkcə Rabitə Nazirliyində olmayıb, demək olar ki, bütün nazirlik və komitələr öz əməkdaşlarına bu cür aylıq mükafatlar paylayıblar. Bu yolla dövlətin, xalqın milyardları talanıb. Ancaq hamının qol qoyduğu, yol verdiyi cinayət əməlinə görə yalnız rabitəçilər cavab verir.
İndi bu yazıdan elə çıxmasın ki, müəllif dövlət büdcəsinin talanmasında iştirak edən hər kəsin (paket verənlərdən alanlara qədər) cəzalandırılmasını istəyir. Xeyr. Bu, çox qəddarcasına olardı, Stalin repressiyasına oxşayardı.
Bununla belə, dövlət büdcəsini talayaraq, hazırkı böhran dönəmində xalqı səfalətlə üz-üzə qoyan iri korrupsionerlərin hamısından haqq-hesab tələb edilməlidir.
Dövlət o vaxt güclü olur ki, iki korrpsioner, iki cinayətkar arasında ayrı-seçkilik etmir, ikisini də cəzalandırır. Yoxsa “tutulmayan oğru xandan, bəydən doğru” hesab ediləcəksə, ölkədə nə ədalət bərqərar olacaq, nə xalqın güzəranı yaxşılaşacaq, nə də xalqı soymaq niyyətində olanların canına tormozlayıcı xof düşəcək.
Xalid Kazımlı/musavat