
Şirkət istehsal etdiyi dondurmaların adı və etketi ilə SSRİ-ni təbliğ etməklə rəsmən ölkənin müstəqilliyinə qarşı çıxır?
Bakıda qida məhsulları üzərində SSRİ-in rəsmən təbliğatına başlanıb.
Bir neçə gündür ki, Bakının əksər dükanlarında üzərində «SSSR» yazılmış dondurmalar satılır. Dondurmaları istehsal edən şirkət «S.A.B,A»dır. Şirkətin məhsulu üzərində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ŞTQ, şimal-qərbi sözləri ünvan kimi göstərilib. Lakin bu mücərrəd ünvanın harada yerləşdiyini müəyyənləşdirmək kifayət qədər çətindir.
Söhbət Biləcəri qəsəbəsinin şimal-qərbindəki ünvanın harada yerləşməsindən gedir. Şirkətin məhsulu üzərində göstərilən telefon nömrəsinə isə 3 saata yaxındır ki, cavab verən yoxdur. Bundan başqa gundeminfo.az-ın əməkdaşları apardıqları araşdırma zamanı istehsalçı şirkətin məhsulları üzərində göstərilən millennium.az saytına da daxil olublar. Lakin dükanlarda kütləvi şəkildə satılan «SSSR» dondurmaları barədə rəsmi saytda heç bir bilgi yoxdur. Şirkətin dövlət standartı olaraq AZS 228 2006 göstərilib. Lakin bu standartın nə zaman alınması barədə apardığımız araşdırmalar hələ ki, yekunlaşmayıb.
Xatırladaq ki, son zamanlar Bakıda SSSR ilə bağlı təbliğat aparanlar çoxalıblar. Hətta bir qədər əvvəl Bakıda bir vətəndaş taksi kimi istifadə etdiyi avtomobilin üzərinə də «SSSR» sözləri yazmışdı. Lakin mətbuatın müdaxiləsindən sonra həmin avtomobil üzərindəki yazılar yığışdırıldı.
Rəsmi məlumatlara əsasən “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətin təsisçiləri arasında Rusiya vətəndaşlarının olduğu söylənilir. Və “S.A.B.A. şirkəti” MMC əsasən Rusiyanın Dağıstan əraziləri ilə ticarət əlaqələri qurub. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. /gunxeber.az/