Hüquqşünas: “Ədalətli məhkəmə sistemi olarsa, belə şübhələrə yer qalmaz”
Müxalif fəallardan fərqli olaraq həbs olunan məmurlar ya vaxtından əvvəl azad olunur, ya da bəraət alırlar.
Sonuncu belə hadisə 2018-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirli bilinərək 9 il müddətinə həbs olunan İsmayıllı rayon prokuroru Ülvi Abbasovun ötən ilin dekabrında bəraət almasıyla yadda qalıb.
Bu kimi oxşar nümunələr “Rabitə işi” və “MTN işi” adlarıyla yadda qalan məhkəmə proseslərində təkrarlanmışdı.
2015-ci ildə 13 il azadlıqdan məhrum olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cəzaları beşdə dördlə hesablanaraq 2019-cu ildə azadlığa buraxıldılar.
Yaxud 2017-ci ildə ən ağır ittihamlarla 12 il azadlıqdan məhrum olunan keçmiş MTN generalları Akif Çovdarov və Sübahir Qurbanov da həbs müddətlərini sona qədər çəkmədilər.
MTN-nin Antiterror Mərkəzinin şöbə rəisinin müavini, polkovnik-leytenant Vüqar Mahmudov 2017-ci ildə həbs edilsə də, 2 il sonra azadlığa buraxıldı.
Sabiq nazir Eldar Mahmudovun köməkçisi funksiyasını yerinə yetirən Vüqar Mahmudov iş adamlarına hədə-qorxu gələrək pul tələb etmə və mənimsəmədə ittiham olunurdu.
Başqa bir fakt, ötən ilin mayın 13-də haqqında 4 ay həbsqətimkan tədbiri seçilən Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyevlə bağlıydı. Ə.Nağıyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürüldə də, avqustda ev dustaqlığına buraxıldı, ardınca II Qarabağ savaşında iştirak etdi və mükafatlandırıldı.
Amma onlardan fərqli olaraq AXCP üzvləri Seymur Həzi, Asif Yusifli, Fuad Əhmədli, Məmməd İbrahim, sabiq səhiyyə naziri Əli İnsnaov həbs müddətlərini tam olaraq çəkiblər.
Rüfət Səfərov: “Zakir Qaralov özünü təmizə çıxarmaq üçün Ülvi Abbasovu qurban verdi”
“Müdafiə xətti” təşkilatının kordinatoru, keçmiş siyasi məhbus Rüfət Səfərov hakimiyyətin müxalifətçilərdən fərqli olaraq dustaq məmurlara bu cür münasibətini siyasi motivlərlə əlaqələndirir.
Rüfət Səfərov Meydan TV-yə bildirib ki, müxalifətçilərin cəzalarını günə gün çəkməsi siyasi amillərlə bağlıdır:
Rüfət Səfərov
Mənbə: Facebook
“Məhbus məmurları həbsində məqsəd onların rüşvət hesabına külli miqdarda topladıqlarından məhrum etməyə yönəlib. Hakimiyyətin maddi maraqları təmin olunduqdan sonra həmin məmurların azadlığa buraxılması bir o qədər də problemli olmur. Hakimiyyətin heç də marağında deyil ki, Səlim Müslümov həbsdə olsun, əsas maraq maddi maraqlarını təmin etsin. Konkret olaraq, Vidadi Zeynalovun adı milyonlarla vəsaiti mənimsəməkdə hallanırdı və məhkəmə prosesində də bunlar təsdiqləndi. Amma cəzasını çox az çəkdi və ictimaiyyətdə belə bir rəy formalaşdı ki, Vidadi Zeynalov tələb olunanı təmin etdikdən sonra azadlığa buraxıldı. Akif Çovdarov və Sübahir Qurbanovu pandemiya zamanı yaşlarına görə əfvə düşdülər. İsmayıllı Rayon Prokuroru Ülvi Abbasova gəldikdə, sabiq Baş prokuror Zakir Qaralov özünü təmizə çıxarmaq üçün onu qurban verdi. O zaman daş-çınqıl məsələsi ilə bağlı şikayət prezidentə çıxmışdı, gərgin vəziyyətdən çıxmaq üçün Zakir Qaralov Ülvi Abbasovu və böyük köməkçisini vəzifəsindən azad etdi və ardınca onlar həbs olundu. Bəli, Ülvi Abbasova barədə münasibət heç də mənfi olmamışdı, o fəaliyyətində müsbət işinə görə fərqlənirdi. Ümumiyyətlə, prokurorluq sistemində təmiz işləmək çətindir. Sual yaranır: hakimiyyətdəki hansısa qrupların dəstəyi ilə Ülvi Abbasov bəraət alıbsa, niyə köməkçisi həbsdədir? Aldığım məlumata görə, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılar sabiq köməkçi bir dəfə intihara cəhd də edib”.
Xalid Ağalıyev: “Pis olan cəza siyasətindəki ayrı-seçkilikdir”
Hüquşunas Xalid Ağalıyev hesab edir ki, qanunvericilik cəza siyasəti ilə bağlı yüngülləşdirmələri aydın şəkildə təsbit edir:
“Ümumiyyətlə, dediyiniz kateqoriyadan olan şəxslərə qarşı cəzaların yüngülləşdirilməsi, məhbusların vaxtından əvvəl azad edilməsi, məhkəməyə qədər həbslərin alternativ cəzalarla əvəz edilməsi ayrı-seçkilikdir. Ancaq onların qanunsuz olduğunu deməyi o qədər də əsaslı saymıram. Qanunvericilik sadalanan yüngülləşdirmələri aydın şəkildə təsbit edir. Qanunlar demir ki, hansısa cinayət əməlinə görə, mütləq 15 il azadlqıdan məhrumetmə cəzası verilməlidir, 7 il cəza da vermək olar. Şəxsin qaçması, istintaqa mane olması təhlükəsi yoxdursa, onun məhkəməyə qədər həbsdə tutulmasına qanuni əsaslar mövcud olmayacaq. 7 il cəza alan şəxs, 4 il cəza çəkibsə, onun vaxtından əvvəl azad edilməsi məsələsinin gündəmə gəlməsi də qanunsuz deyil. Ancaq yüngülləşdirmənin tətbiq edildiyi şəxslərin bunu haqq edib-etməmələri haqlı suallar yaradır. Çünki siyasi çaları da olan işlərdə ittihamlar, ittihamlarla bağlı ictimaiyyətə verilən bilgilər, adətən, yarımçıq olur. Cəmiyyətin problemli məhkəmə sisteminin fonunda verilmiş qərarlardan şübhələnməsi də təbiidir. Ədalətli məhkəmə sistemi olarsa, belə şübhələrə yer qalmaz”.
Xalid Ağəliyev
Mənbə: Meydan TV
Hüquqşunas hesab edir ki, bu məsələyə həm də Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının işığında baxılmasında fayda var: “Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərin əksəriyyətində məhkəməyə qədər həbslərin qanunsuz olması, cəzaların ağırlığı qənaətinə gəlib. Bu baxımdan, qeyd edilən kateqoriyadan olan şəxslərə münasibətdə belə cəza siyasətində humanistlik meylləri duyulursa, bu, pis deyil”.
X.Ağaliyev deyir ki, pis olan cəza siyasətindəki ayrı-seçkilikdir: “Cəza siyasətinin bir vaxtlar hökumətdə vəzifə tutanlara münasibətdə humanist olması, ancaq hökumətə müxalif olanlara, müstəqil insanlara, adi vətəndaşlarta münasibətdə isə qəddarlıq elementləri daşıması ciddi problemdir. Belə yanaşma, yolverilməzdir. Qanun hamı üçün eyni əsaslarla, dərəcədə tətbiq edilməlidir”.
Rəsul Cəfərov: “Bərabər yanaşma olmalıdır ki, selektiv ədalət problemi dərinləşməsin”
Hüquq müdafiəçisi Rəsul Cəfərov qeyd olunan məsələnin Azərbaycanda selektiv ədalət problemindən qaynaqlandığı hesab edir: “Xüsusən də bu problem məhkəmə qərarları çıxarılan zaman, həbsdə olan şəxslərin sonradan azadlığa buraxılmasında müşahidə edilir. Düzdür, birmənalı iddia etmək olmaz ki, uzun müddət azadlıqdan məhrum etmə cəzası almış keçmiş siyasi məhbusların hamısı sona qədər həbsdə saxlanılıb, yaxud vaxtından əvvəl azadlığa buraxılmayıb, bu, belə deyil. Hətta problemli iş kimi görünən 2015-ci il “Nardaran hadisələri”nə görə həbs edilən və sonradan 15-17 il cəza alan şəxslər də azadlığa buraxılıb. Amma ümumən götürdükdə problem mövcuddur”.
Rəsul Cəfərovun fikrincə, problem özünü daha çox vaxtından əvvəl azadlığa buraxılma mexanizmində göstərir: “Azadlıqdan məhrum olunan şəxsin ittiham olunan ittiham edildiyi cinayət kateqorisyasına görə ya yarı cəza müddətinin üçdə ikisi, yaxud dörddə üçü bitdikdən sonra azadlığa buraxılması üçün müraciət edə bilər. Təəssüf ki, bu müraciətlər bir qayda olaraq siyasi işlərdə təmin edilmir, son bir ilin statistikasına nəzər salsaq, demək olar ki, müraciət edən siyasi məhbuslara imtina cavabı verilib. Onların arasında jurnalistlər də, müxalif partiya üzvləri də. Amma paralel olaraq başqa məhbusların azadlığa çıxması barədə məlumatlar var, halbuki onlar daha ağır cəza alıblar”.
Rəsul Cəfərov
Mənbə: Meydan TV
Hüquq müdafiəçisi hesab edir ki, problemin həllini tapması üçün məhkəmə və cəzaçəkmə müəssisələri daha ədalətli münasibət sərgiləməlidir:
“Məhbusun azadlığa buraxılması üçün heç bir ciddi maneə yoxdursa, müraciəti təmin edilməlidir. Qanunvericiliyə görə, hətta son 12 ayda yeni töhmət, inzibati tənbeh verilməyibsə, o öz qüvvəsini itirmiş sayılır və bu, məhkumun azadlığa çıxmasına mane ola bilməz. Təəssüf ki, Pentinsiar Xidmət və məhkəmələr bu məsələləri nəzərə alınmır. Ona görə də bərabər yanaşma olmalıdır ki, selektiv ədalət problemi dərinləşməsin”.
Anar Məmmədli: “Hakimiyyət sistematik şəkildə repressiyaları aparmaqla mövcud fərqi yaradıb”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli siyasi motivli həbslərlə məmur həbslərinin arasında fərq oluduğunu düşünür:
Anar Məmmədli
Mənbə: Facebook
“Əvvəla, insanlar siyasi baxışlarına, tənqidi çıxışlarına, hakimiyyətə opponentlik etdiklərinə görə həbs olunurlar. Əli İnsanov, Fərhad Əliyev istisna olmaqla, həbs olunan digər məmurların həbsini siyasi motivli saymaq çətindir. Bu, daha çox hakimiyyətdaxili çəkişmələrin nəticəsidir, yəni hansısa vəzifəli şəxs ətrafına adamlar toplayır və o, vəzifədən uzaqlaşdırılanda, cəzalandırılanda onun ətrafı da hbs olunur. Ona görə də hakimiyyət sovetdən qalma bu ənənəni saxlayır. Hakimiyyətdaxili çəkişmələr çözüləndən sonra artıq onların həbsdə qalmasına ehtiyac qalmır, çünki onların siyasi təhlükəsi olmur. Hansısa jurnalistin, blogerin azadlığa çıxıb yenidən tənqidi çıxışlar etməsi hakimiyyətə daha çox təhlükə doğurur, nəinki hansısa məmurun. İkincilərlə bağlı bir təminat olur ki, onlar azad olunandan sonra siyasi fəaliyyət göstərməyəcək, yaxud ölkəni tərk edəcəklər. Bu mənada məmurların həbsində siyasi motiv axtarmaq çətindir”.
Anar Məmmədli hesab edir ki, hakimiyyət sistematik şəkildə repressiyaları aparmaqla mövcud fərqi yaradıb: “Hakimiyyətin siyasi maraqlarına təhlükə doğuranlar və təhlükə doğurmayanlar. Məmurlar ikincilərə aiddir”.