ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda gənclər arasında dinə maraq niyə artıb? -Açıqlama

Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. Dinə meylillik xüsusilə də gənc nəsil arasında daha çox müşahidə olunur. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq.

 
 
Politoloq Bəhruz Salmanov deyir ki, insan ictimai varlıq olduğundan cəmiyyətdə ümumi sağlam, birləşdirici dəyərləri özündə əks etdirən bir ideologiyaya ehtiyacı var: “Dünyada bir çox ideologiya var. Hər bir sağlam təfəkkür, düşüncə sahibi bilir ki, belə bir əzəmətli dünyanın, kainatın, canlı aləmin yaranması üçün fövqəltəbii bir güc lazımdır. Bu güc sahibi də Yaradandır. Dünyanın müxtəlif yerlərində buna müxtəlif mənəvi yanaşmalar mövcuddur. Onlardan əsasını monoteist etiqad təşkil edir. Azərbaycan da bu dünyanın bir parçasıdır. Dövlətimiz İslam dininin varisi olan xalqlar sırasındadır. Buna kifayetedici bir misal xalqımızın öz fədailərini şəhid adlandıraraq öz dini kimliyini ortaya qoymasıdır. Bu dini dəyərlər əsrlər boyu dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edib.”
B. Salmanov hesab edir ki, Azərbaycanda gənclərin dinə axını mənəvi tələbatdan irəli gəlir: “Hər bir mənəvi boşluqdan istifadə olunduğu kimi bu gün də müəyyən xaricdən ixrac olunan və sağlam olmayan qeyri-ənənəvi məzhəblər bundan istifadə etmək istəyir. Məhz bu hal mənfidir, çünki bunların yaranma tarixinə nəzər saldıqda xarici qüvvələrin qərəzli səliqəsi qabarıq aşkar olunur. Buna misal kimi hal- hazırda əziyyət çəkən Suriya, Əfqanıstan, İraq və s. ölkələri göstərmək olar.”
 
 
İlahiyyatçı Bəhruz Camalın sözlərinə görə isə 70 il Sovet dönəmi insanları milli-mənəvi bağlılıqlardan, dini inanclarından uzaqlaşdırıb:“Sovet dönəminin çökməsi, tabuların sındırılması informasiya blokadasını aradan qaldırdı. İstər-istəməz dini qaynaqlar, dini kitablar tərcümə olunmağa başladı. Bu sahə ilə bağlı olan məlumatlar, yəni dini məlumatlar yeni idi. Bundan sonra camaat öz dəyərlərinə qayıtmağa başladı. Xüsusən də cavan nəsildə daha çox müşahidə olunmağa başladı. Bizim valideynlərin əksəriyyəti gənclik illərini Sovet dönəmində yaşayıblar.”

O, isə gənclərin dinə marağının çoxalmasını belə izah edir: “Müasir dövrün gəncləri informasiya blokadasının aradan qalxdığı dönəmə düşdü və müxtəlif informasiya qəbul etmək qabiliyyətinə malik oldular. Din insanın daxili aləmi ilə bağlı olan bir məsələ olduğuna görə istər-istəməz müəyyən dini mətnləri, qanunları oxuyandan sonra dinə meyl artır. Burada qeyri-ənənəvi cərəyanların təsirinə düşmək ehtimalı da çoxdur. Diqqətli olmaq lazımdır ki, din
adına yanlış informasiyalar və qeyri ənənəvi cərəyanların təsirinə düşməsinlər.”
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Müşfiq Şükürov isə deyir ki, son on illiklər Azərbaycanda dinə maraq ideoloji sahənin boşluğu ilə diktə edilir: “Bu cəmiyyət uzun onilliklər ideoloji cəmiyyət olub. Və müstəqillik qazanıldıqdan sonra kommunizm ideyası iflas olduğundan yaranmış mənəvi boşluğu nə iləsə doldurmaq lazım idi. Bu proses bütün keçmiş SSRİ respublikalarında eyni şəkildə getdi. Humanitar yardımlar və “öz kökünə qayıtmaq” adı ilə ən müxtəlif ölkələrdən missionerlər hücum çəkdilər bu ölkələrə. Mənəvi oriyentirini itirmiş, böhran keçirən insan kütlələrini öz aralarında bölməyə başladılar. Zamanla insanları özününküləşdirə bildilər. İnsanların acıqlarına, küskünlüklərinə ideoloji yön verməyi bacardılar. İndi həqiqi dini marağı olanların sayı, düşünürəm ki, elə sovetin dövründə olan qədərdir. Çoxluq dəbə uyğun olmağa çalışır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button