190 manatdan imtina mesajı gələndə, ailəmin yanında pərt oldum – Vətəndaş

Elçin Qocayev hökumətin işsizlər üçün ayırdığı 190 manatlıq birdəfəlik yardımla bağlı müraciət edib və imtina cavabı alıb. Ona bildirilib ki, vergi ödəyicisi olduğu üçün o, bu yardımı ala bilməz. Amma vətəndaş bildirir ki, 4 il öncə VÖEN hesabın bağlayıb.
Müraciətdən 10 gün keçsə də, vətəndaşın şikayətinə heç bir cavab verilməyib. O deyir, günlər keçdikcə soyuducusunndakı qidalar tükənir və özünü əlacsız hiss edir.
COVİD-19 pandemiyasına görə Azərbaycanla qonşu olan dövlətlərdə də karantin rejimi elan edilib. Bəs onlar vətəndaşlarına necə yardım ediblər? Rusiya kiçik və orta sahibkarların sosial sığorta ödənişlərini aşağı salıb, işsizlik müavinətlərini və xəstəlik məzuniyyətlərini artırıb, 3 yaşına çatmamış hər bir uşağa görə aylıq uşaq puluna orta hesabla 63 ABŞ dolları əlavə edib.
Qazaxıstanda əlillər və işsizlərə pulsuz ərzaq məhsulları verilib.
Fevral ayında Bakıda çalışdığı taksi şirkətində çıxarılan Vəli Quliyev də 190 manatlıq yardım üçün dövlət qurumuna müraciət edib və yalnız bir aydan sonra ona yardım təyin edilib. Yardım almadığı bir ayı o, kredit kartlarının hesabına başa vurub.
“Azərbaycanda heç işsizlərin bir faizinə də müavinət vermirlər”
Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirir ki, həyata keçirilən yardım proqramı sosial baxımdan ədalətsiz oldu. Proqramın icrası zamanı sistemdəki problemlər üzə çıxdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlayıblar ki, 190 manatlıq yardım üçün müraciət edən 359 min nəfərə imtina cavabı verilib. Səbəb kimi adlarına əmlak, əmək müqaviləsi olması göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, imtina cavabından narazı qalan Elçin Qocayev və digər şəxslər nazirliyə müraciət edə bilərlər.
Yardıma görə imtina alanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi üçün hüquqşünaslar ərizə formasını Facebook sosial şəbəkəsində paylaşıblar.