“Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb”.
Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
Qeyd edək ki, Ehsan Zahidov srağagün (4 iyul) “Bizim Yol”-a açıqlamasında fotoşəkilin uydurma olduğunu, yayılan məlumatların isə tamamilə yalan olduğunu bildirib: “Həmin şəxs polis və prokurorluq əməkdaşlarının dərhal əməliyyat axtarış tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. Prokurorluq orqanlarında cinayət işi qaldırılıb və istintaq gedir. Cinayəti törədən şəxs istintaq altındadır. Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz”.