ArxivXəbər lentiXəbərlər

Azərbaycanda qaz çatmır, Türkiyə ilə “müharibə” gözlənilir

Rusiyanın “Odnako” analitik-informasiya layihəsi neft və qaz yataqlarının istismarı, kəşfiyyatı üzrə mütəxəssis, geologiya-mineralogiya elmləri namizədi Aleksandr Turinin Azərbaycanın qaz hasilatı və ixrac imkanları ilə bağlı geniş təhlini yayıb.

Virtualaz.org saytı xəbər verir ki, Gürcüstanla Rusiya arasında qaz danışıqlarının getdiyi, İran qazının Ermənistan üzərindən Gürcüstana nəqli, yaxud Rusiya ilə İran arasında Ermənistan üzərindən svap qaz nəqlinə dair planların müzakirə olunduğu bir vaxtda Kremlə bağlı informasiya resursunun yaydığı bu təhlildə Azərbaycanın qaz ixracı üzrə öhdəliklərini yerinə yetirməsi şübhə altına alınır.

Müəllif məqaləsinə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun oktyabrın 12-də Moskvada verdiyi açıqlamadan sitat gətirməklə başlayıb.

Nazir müavini N.Abbasov Türkiyənin Rusiyadan qaz idxalını dayandıracağı halda Azərbaycanın bu ölkəyə qaz nəqlini artırması imkanlarına dair suala belə şərh vermişdi: “Bizim hasil edəcəyimiz qaz ehtiyatlarının hamısı 2040-cı ilə qədər artıq satılıb. Əgər artıq qazımız olsaydı, onu elə özümüzə götürərdik”.

Abbasovun bu sözlərinin nə demək olduğunu aydınlaşdırmaq üçün rusiyalı ekspert əvvəlcə Azərbaycanda qaz hasilatına dair statistikaya nəzər salıb. Hazırda Azərbaycanda əsas qaz hasilatı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan, “Şahdəniz”dən (faza-1), “Ümid” və “Bulla-dəniz” yataqlarından hasil olunur.

Qaz hasilatı 2013-cü ildə pik mərhələsinə çatıb – 30,78 milyard kubmetr. 2014-cü ildə hasilat azalaraq 29,62 milyard kubmetr təşkil edib. Bu ilə 30,2 milyard kubmetr hasilat planlaşdırılır, ancaq proqnozun doğrulacağı şübhəlidir.

Azərbaycanın özündə qaz istehlakı ildə təxminən 10 milyard kubmetrdir. Qazpaylayıcı şəbəkədə isə itki ildə 2,5 milyard kubmetrə çatır. Qazın qalan hissəsi Türkiyə, Gürcüstan və svap prinsipi ilə İrana ixrac olunur.

Gözlənilir ki, SOCAR qaz hasilatını getdikcə azaltmalı olacaq. Çünki neft hasilatı azalır, hasilatı əvvəlki tempdə saxlamaq üçün laylara daha çox qaz vurmaq lazım gəlir. Bu isə sonda qaz hasilatının azalmasına səbəb olur. Gözlənilir ki, gələcəkdə “Azəri-Çıraq-Günəşli” blokunda da qaz hasilatı azalacaq.

“Şahdəniz-1” yatağından qaz hasilatı bu il 10,4 milyard kubmetr təşkil etməlidir. Azərbaycanın payına bu qazın 60 faizi düşür.

Onun satışından əldə edilən gəlir “Şahdəniz-2”nin istismarına sərf edilir. Lakin “Şahdəniz-1”də hasilatın kəskin azalması riski var. Əgər konsorsium yeni quyular istismara verməsə, hasilat azalacaq.

Azərbaycan proqnozlaşdırır ki, “Şahdəniz-2” istismara veriləndən sonra bu yataqlardan ümumi qaz hasilatı 25 milyard kubmetrə çatacaq. Bunun 16 milyard kubmetri “Şahdəniz-2”-nin, qalanı “Şahdəniz-1”in payına düşəcək.

Lakin Aleksandr Turin iddia edir ki, bu belə deyil. Çünki “Faza-2” əslində “Faza-1”i əvəzləyəcək və “Şahdəniz”dən ümumi qaz hasilatı 16 milyard kubmetrdən çox olmayacaq.

Digər tərəfdən, “Şahdəniz-2”dən qazı nəql etmək üçün TANAP və TAP kəmərləri çəkilməlidir. Cənub Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 45 milyard dollardır. Bunun 14 milyard dollarını Azərbaycan xərcləyəcək.

Bu günlərdə SOCAR həmin xərclərin 7 milyard dollarının kredit hesabına ödənilə biləcəyini açıqlayıb. Çünki “Faza-1”dən Azərbaycanın payına düşən qazın satışından əldə ediləcək gəlir (2014-2019-cu illərdə) cəmi 7,1 milyard dollar olacaq. Əgər qazın min kubmetrinin qiyməti 220 dollar olsa…

Ancaq layihə üçün iki ciddi risk yaranıb – qaz ucuzlaşıb və kürdlər Türkiyədə neft-qaz kəmərlərinə hücumları bərpa ediblər.

A.Turin yazır ki, Azərbaycan Türkiyəyə ildə 6,6 milyard kubmetr qaz ixrac etməlidir. Qaz ixracı “ya al, ya ödə” prinsipi ilə həyata keçirilir. Türkiyə sistematik olaraq müqavilədə əksini tapmış həcmdə qaz almayıb və əvəzində konsorsiuma pul ödəyib.

Son vaxtlar Türkiyə müqavilədən “al və ya ödə” bəndini çıxarmaq istəyir. Ehtimal olunur ki, Türkiyə bunun üçün hiyləgər gediş edib. “Şahdəniz” konsorsiumundan tələb edib ki, müqavilədə göstərildiyi həcmdə qaz versin. Azərbaycan isə bu qədər qaz həcmini verə bilmir. Nəticədə Türkiyə “Qazprom”la qəfildən “dostluğa” başlayıb.

Azərbaycanla İran arasında qaz alqı-satqısı svap müqaviləsi üzrə həyata keçirilir. Yəni İran Naxçıvanın qaza olan tələbatını ödəyir, Azərbaycan isə bu həcmdə qazı İrana verir. Son vaxtlar Rusiya ilə İran arasında svap qaz nəqlinə dair danışıqlar aparılır. “Qazprom” İrana Azərbaycan üzərindən ildə 2-3 milyard qaz ötürə bilər.

Müəllif yazır ki, Azərbaycan Gürcüstana da tələb olunan həcmdə qaz verə bilməyib. Nəticədə Gürcüstan “Qazprom”la danışıqlara başlayıb. Rusiyaya qaz ixracı isə dayanıb və indi Rusiya özü Azərbaycana qaz ixracını bərpa edir.

Beləliklə, müəllif nəticə çıxarır ki, Azərbaycanın qaz ixracı üzrə öhdəliklərini yerinə yetirmək gücündə olmaması Qafqazda geosiyasi vəziyyəti dəyişdirir.

Bildirilir ki, hazırkı payız-qış mövsümünə olan vəziyyət SOCAR-ın və “Şahdəniz” konsorsiumunun öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir. Bura Azərbaycanın daxili tələbatının ödənilməməsi, yeraltı anbarlara lazım olan həcmdə qaz vurulmaması, Türkiyəyə qaz ixracının kəsirlə yerinə yetirilməsi, Gürcüstana ixracın 2014-cü il səviyyəsində qalması daxildir.

Belə vəziyyət isə 2018-ci ilədək qalacaq, üstəlik ondan sonra daha da pisləşəcək. Və müəllif Natiq Abbasovun həmin açıqlamasında bu məqama işarə olunduğunu yazır.

A.Turin iddia edir ki, bu situasiya regionda geosiyasi vəziyyətin Rusiyanın xeyrinə dəyişməsinə səbəb olub. İndi Azərbaycan qaz sferasında Rusiyanın rəqibi deyil, ancaq konstruktiv tərəfdaşlıq münasibətləri qurmaq istəyən tərəfdaşıdır. Bu isə regionda energetika sahəsində oyun qaydalarının dəyişməsi deməkdir.

Yeni vəziyyətdən irəli gələrək Rusiya şirkətlərinin Xəzərin Azərbaycan sektorunda neft-qaz kəşfiyyatında iştirakına dair danışıqlar bərpa olunacaq. Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi şansı isə azalacaq.

Habelə Turin iddia edir ki, 2016-cı ilin əvvəlindən başlayaraq Azərbaycanla Türkiyə arasında “kiçik qaz müharibəsi” gözlənilir. Türkiyə tərəfi müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün “Şahdəniz” konsorsiumuna cərimə kəsəcək. Bu vəziyyətin qarşısını Rusiya qazının Azərbaycana nəqli ala bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button