ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Doqquzuncu gün (Tasua günü)

Məhərrəm ayının təqvimi

Qafqaz mədəniyyət mərkəzi-Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Doqquzuncu gün (Tasua günü)
Məhərrəm ayının doqquzuncu günü Şimr ibn Zilcövşən, Übeydullah ibn Ziyaddan məktub alaraq Kufə qoşununun yerləşdiyi düşərgə olan Nüxeylədən çıxır və Məhərrəm ayının 9-cu günü cümə axşamı günortadan qabaq Kərbəlaya çatır. Übeydullahın məktubunu Ömər ibn Sədə oxuyur. Ömər Şimrə deyir: “Vay olsun sənə! Allah evini yıxsın. Mənim üçün nə qədər çirkin və rüsvayedici bir xəbər gətirmisən. Allaha and olsun ki, Übeydullahın mənim təklifimi qəbul etməsinə sən mane olmusan və işi korlamısan.”
Döyüş məqsədilə Kərbəlaya gəlmiş Şimr, Übeydullah ibn Ziyaddan öz bacısı oğlanları və həzrət Abbas (ə) üçün amannamə gətirmişdi. Həmin günü bu amannaməni Abbasa (ə) təqdim edir, ancaq Abbas (ə) qəbul etmir. Şimr, imam Hüseynin (ə) çadırının yanına gəlir və (imam Əlinin (ə) Ümmül-Bənindən olan oğlanları) Abbas (ə), Abdullah (ə), Cəfər (ə) və Osmanı (ə) çağırır. Onlar bayıra çıxır. Şimr deyir: “Übeydullahdan sizin üçün amannamə gətirmişəm.” Onların hamısı deyir: “Allah sənə və sənin amannamənə lənət etsin. Bizim amanımız olsun, ancaq Peyğəmbərimizin (s) qızının oğulunun amanı olmasın?!”
Bu günü döyüş elan edilir. Həzrət Abbas (ə) imam Hüseyni (ə) bu məsələdən xəbərdar edir. Əba Abdullah (ə) buyurur: “Ey Abbas! Canım sənə fəda olsun! Atına min və onlardan soruş ki, məqsədləri nədir?” Həzrət Abbas (ə) gedir və xəbər gətirir ki, onlar deyir: “Ya Yezidin hökünü qəbul etsin, ya da döyüşə hazırlaşsın.” İmam Hüseyn (ə) həzrət Abbasa (ə) deyir: “Əgər bacarsan, döyüşü sabaha qədər təxirə sal. Bu gecə möhlət versinlər ki, biz Allahımızla razü-niyaz edək və namaz qılaq. Allah Taala bilir ki, mən Ona xatir namazı və Quran tilavət etməyi nə qədər sevirəm.”
Abbas (ə) zalım qoşununun yanına gedir və möhlət istəyir.
Ömər ibn Səd möhlət verib-verməmək üçün bir qərara gələ bilmir. Nəhayət, bu barədə öz qoşunu ilə məsləhətləşir. Əmr ibn Həccac deyir: “Subhanəllah! Əgər Deyləm və kafirlər səndən belə bir xahiş etsəydilər, onlarla razılaşmaq yaxşı olardı.” Sonda Ömər ibn Sədin elçisi həzrət Abbasın (ə) yanına gəlib deyir: “Biz səhərə kimi sizə möhlət veririk. Təslim olsanız, sizi Übeydullaha təhvil verərik. Əks təqdirdə sizdən əl çəkməyəcəyik.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button