ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

‘Nərmin işi’ üzrə yeni məhkəmə: ‘Nərminin atası kənddə yayıb ki, İlkinə ömürlük cəza veriləcək’

Avqustun 8-də məhkəmədə məlum olub ki, Nərminin atası Şərif Quliyev də apellyasiya şikayəti verib. O, Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini tələb edir. Ancaq o, şikayət verməkdən ötrü qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürdüyündən Apellyasiya Məhkəməsi bu iddiaya hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərar verməli olduğunu bildirib. İddia qəbul edilərsə, o halda, həmin şikayət Apellyasiya Məhkəməsinə göndəriləcək.
Təqsirləndirilən İlkin Süleymanov hökmdən narazılığını dilə gətirib. Vəkil Zabil Qəhrəmanov deyir ki, birinci instansiya məhkəməsində dindirilmiş bir çox şəxsin ifadəsi protokollarda təhrif edilib. Müdafiəçi vurğulayıb ki, ictimaiyyətin diqqətində olan bu cinayət işi apellyasiya instansiyasında ciddi araşdırılmalıdır. O bu səbəbdən şikayətə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılmasını istəyib.
“Məqsəd də bizi hədələməkdir ki, susmasanız…”
Vəkil deyir ki, cinayət işinin materiallarında birinci instansiya məhkəməsində araşdırılmayan xeyli ziddiyyət var. Onun fikrincə, bunlara aydınlıq gətirilməsi üçün müstəntiq mütləq məhkəməyə çağrılıb dindirilməlidir: “Hökmdə də təsdiqlənib ki, İlkin Süleymanovun telefonuna müdaxilə olunub. Kim edib, hansı məqsədlə? Müstəntiq İlkinin telefonunu özbaşına Daxili İşlər Nazirliyinin idarə rəisinə verib. Hökmdə də təsdiqlənib ki, İlkin Süleymanov ondan etiraf ifadəsi alınanadək dörd gün qanunsuz şəkildə polis şöbəsində saxlanılıb. Prokurorluq indiyə qədər bunu gizlədir, cavabında bizə deyirdi ki, belə hal olmayıb…”.
Zabil Qəhrəmanovun sözlərinə görə, müvəkkili dörd günlük işgəncədən sonra etiraf ifadəsi verməyə məcbur edilib. Həmin ifadə də azyaşlının öldürülməsi ilə bağlı ekspertin gəldiyi nəticəyə uyğun deyil. Məsələn, ekspertizanın rəyində Nərminin başına daşla, azı, beş zərbə vurulduğu göstərilib, Süleymanovsa bir dəfə vurduğunu deyib. Ekspert meyitin müayinədən üç gün öncə (yanvarın 4-də) qətlə yetirildiyi nəticəsinə gəlib. Amma Süleymanov öz ifadəsində onu yanvarın 6-da öldürdüyünü və həmin gün də yandırdığını göstərib və s.
Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə istintaqı keçirilməsi, müstəntiqin dindirilməsi və s. vəsatətlərin heç birini təmin etməyib. Bu da təqsirləndirilən İlkin Süleymanovun ailə üzvlərini narazı salıb.
“İlk iclasdan bu məhkəmənin nə dərəcədə ədalətli olacağı göründü. Haqlı vəsatətlərimizin biri də təmin olunmadı. Belə görünür ki, məqsəd araşdırıb həqiqəti üzə çıxmaq deyil. Şərif Quliyevin gecikmiş apellyasiya şikayəti də təsadüf deyil. Ona o şikayəti verdiriblər. Məqsəd də bizi hədələməkdir ki, susmasanız, daha ağır ola bilər. Kənddə yayıb ki, İlkinə ömürlük cəza veriləcək…”, – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanovun sözləridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button