AİP-in sədr müavini Hacı İlham Əliyevin Müdafiə Komitəsi bəyanat yayıb

Toplantının əsas məqsədi baş verənləri təhlil etmək və AİP sədr əvəzinin sərbəst buraxılması istiqamətində lazımı addımları atmaq olub. Bu məqsədlə Müdafiə Komitəsinin yaradılması haqda qərar qəbul edilib.
Aparılan müzakirələrdən sonra AİP-in sədr müavini Akif Heydərlinin komitəyə sədrlik etməsi məqsədəuyğun bilinib.
Tədbirdə AİP-in sədr müavini Akif Heydərli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl çıxış ediblər.
Sonda bəyanat qəbul edilib. Bəyanatda deyilir:
“Fevral ayının 29-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən yaşadığı evindən götürülərək həbs olunan AİP sədr əvəzi Hacı İlham Əliyev haqqında mart ayının 2-də Səbayıl məhkəməsi tərəfindən dörd aylıq həbsqətimkan tədbirinin seçilməsini ağlasığmaz, qeyri-qanuni, məntiqsiz addım hesab edirik. Tanınmış İslam aliminin, siyasi partiya rəhbərinin Vətənə xəyanət ittihamı ilə saxlanmasını və həbs olunmasını məqsədli şəkildə baş verdiyinə şübhə etmirik. Bunu eyni zamanda İslam dininə qarşı islamofob yanaşmanın bir təzahür forması kimi qiymətləndirir, belə haqsızlıqlara qəti etirazımızı bildiririk.
Bu gün dünyanın güc mərkəzləri erməni təcavüzünə məruz qalan, torpaqları işğal olunan, parçalanan ölkəmizə və müsəlman xalqımıza ikili standartlarla yanaşılmasının şahidi oluruq. Hesab edirik ki, qəsbkara qarşı heç bir beynəlxalq təzyiqin olmaması və ya əksinə olaraq dəstəklənməsi bir tərəfdən xristian təəssübkeşliyidirsə, digər mühüm səbəb isə ölkədə insan haqlarının ən kobud şəkildə pozulmasıdır. Cəmiyyətdə cinayətsiz cəzaların tətbiqi, cinayətkarların dövlət idarələrində yerləşməsi, azadlıqda dolaşması xalqımızın və dövlətimizin beynəlxalq aləmdə imicinə sağalmaz yara vurur.
Bir daha bəyan edirik ki, Azərbaycan xalqının dərin fitnə-fasadın yayıldığı hazırkı şəraitdə təqvalı, namuslu, Vətənimizi canından əziz tutan insanlara böyük ehtiyac duyur. Məhz dini cameədən həbs olunan əksər qardaşlarımız, o cümlədən haqqında həbsqətimkan tədbiri seçilən AİP sədr əvəzi Hacı İlham Əliyev bu yüksək insani keyfiyyətlərin və müqəddəs İslam dəyərlərinin daşıyıcılarıdır.
Biz Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi üzvləri olaraq bu ədalətsiz qərarı və haqsız ittihamı pisləyir, baş verən məntiqsizliyə qəti etirazımızı bildirir, onun tezliklə azad edilməsini tələb edirik.”