Qafqaz Mədəniyyət Mərkəzinin informasiya bölməsinin verdiyi məlumata əsasən, Astar şəhərinin imam-cüməsi qafqaz.ir saytının müxbiri ilə söhbətdə Azərbaycan Respublikasında islamçı məhbuslar mövzusuna toxunub. Höccətül-islam Kazim Hafizniya islamçı fəalların həbsini Azərbaycan dövlətinin böyük səhvi adlandıraraq deyib: “Azərbaycan hökuməti bu ölkədə dindarları həbsə almaqla böyük səhvə yol verib. Azərbaycan dövlət rəsmiləri bilməlidirlər ki, dindarlar Azərbaycan hökuməti üçün təhlükə deyil, yalnız İslam dəyəri olan hicabın qadağasına qarşıdır. Əslində bu ölkədə azad fəaliyyət göstərən vəhhabi firqəsi məmləkətin gələcəyi üçün ciddi təhlükədir. Bu firqədən elə fərdlər səhnəyə gələcək ki, xalq üçün bəla olacaq.” İmam-cümə sözünün davamında Azərbaycan dövlət rəsmilərinə məsləhət görüb ki, dindar məhbusları azad etsin, keçmişdən ibrət götürsün. İranda şah rejimi dövründə Rzaxan hicab və dinə qarşı çıxmaqla öz hökumətini süquta uğratdı. Əgər Azərbaycanda dindarlara qarşı repressiyalar davam edərsə şübhəsiz ki, Azərbaycan hökuməti şah hökuməti kimi sıradan çıxacaq. İmam-cümə məhbus dindarlar və onların ailələri ilə həmdərd olduğunu dilə gətirərək onlara ümid verib və yada salıb ki, Allah-Taala buyurub: Bu müqavimət və fədakarlığın sonu qələbə və başıucalıqdır, inşaallah!