İran İslam Respublikası prezidentinin müavini və İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri deyib: Bəzi qüdrətlərin təcavüzkarlıq, işğalçılıq və ədalətsizlikləri dünyada terrorizmin yayılmasına səbəb olub.
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən yüksək səviyyəli ölkə rəsmilərinin iclasında bu məqama toxunan Məsud Sultanifər deyib: Terrorizm, zorakılıq və ifratçılığın kökləri və səbəblərini ölkələrin və ya məntəqələrin daxili vəziyyəti ilə məhdudlaşdırmaq doğru deyil. Bəzi qüdrətlərin təcavüzləri, işğalçılıq siyasətləri və ədalətsizlikləri, öz siyasi məqsədlərinə çatmaq üçün zorakı və ifratçı qrupları kor-koranə şəkildə himayə etmələri bu nəhs fenomenin genişlənməsinə səbəb olan amillərdəndir.
O daha sonra deyib: Suriya, İraq, Livan, Türkiyə, Fransa, Belçkia və dünyanın digər nöqtələrində baş verən terror aktları terrorizmin siyasi və coğrafi sərhədlərə sığmadığını sübut etmiş oldu və bütün ölkələr, bütün insanlar, bütün etnoslar və bütün dinlər bu terror hücumlarının hədəfinə çevrilir.
Məsud Sultanifər Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilməsinə də işarə edib və deyib: Bu məqsədə nail olmaq üçün dövlətlər və xalqlar arasında konstruktiv dialoq və anlaşmaya çatmaq lazımdır.
O, 1998-ci ildə “Sivilizasiyalar arası dialoq” və ” Dünya ifratçılıq və zorakılıq əleyhinə” mövzusunda 2 ideya irəli sürməsinə işarə edərək, deyib: Dünyada mövcud olan böhranları həll etmək üçün xalqlar və dövlətlər tərəfindən konstruktiv və ahəngdar addımlar atılmalıdır.
İran prezidentinin müavini çıxışının sonunda dünyanın zorakılıqlardan təmizlənməsi istiqamətində aparılan səylərdə İranın qətiyyətli olduğunu vurğulayaraq, bu sahədə beynəlxalq qurumlar ilə əməkdaşlığa hazır olduğunu deyib.