“Bakı İstintaq Təcridxanasında “vorovskoy polojeniye” hökm sürür”

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabatını açıqlayıb. Hesabtda bildirilir ki, Azərbaycanda olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir: “Həbs yerlərində qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı-seçkilik, korrpusiya, qanunsuzluq baş alıb gedir. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Bir çox hallarda saxlanılanların yaxınları ilə əlaqə saxlamasına içazə verilmir, onlar vəkillə təmin olunmur, təqdim olunan vəkillər bir başa istintaq orqanlarının sifarişin yerinə yetirir. Çünki cəmiyyət arasında bu cür vəkillərə etimad edilmir və dustaqlar arasında onlara ”PAYKAVOY” vəkillər deyilir. Tibbi yardım göstərilmir, əksər hallarda həbslər sanksiyasiz həyata keçilir. Sonradan bunlar qanuniləşdirilir”.
Bildirilir ki, polis bölmələrində, MSM-də saxlanmış şəxslər arasında işgəncə halları ilə yanaşı ölüm halları da qeydə alınıb: “Məsələn, 13 yanvar tarixdə Elvin Əsgərov Bakı şəhər Nizami Rayon Polis İdarəsinin təcridxanasında vəfat edib”.
Hesabatda qeyd olunur ki, 1-saylı Bakı İstintaq Təcridxanası müasir Avropa standartlarına uyğun tikilsə də, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verib: “Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları pullu dustaqlar və kasıblar üçün təbəqələşib. Pullu dustaqlar üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” məntəqəsində pozulur. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmək üçün Bakı İstintaq Təcridxanasında bunun aylıq qiyməti 100- 150 manat arası, saxlanması qadağan olan əşyaların istifadəsi üçün “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. Bakı İstintaq Təcridxanasında ”vəziyyət” yəni “varavskoy polojeniya” mövcuddur”.
Sənəddə vurğulanır ki, istintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar: “Tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan məhrum olurlar və bəzən işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var. Bu da işıqlandırma yeri kiçik, havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Kamerada soyutma sistemi yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır. Xəstələr sağlam adamlarla eyni kameralarda saxlanılır. Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki anoloji müəssisələrin vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir”.
Hesabatda bildirilir ki, məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər: “CÇM-lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur. Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər. Hər CÇM-in rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir, baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı müvafiq öhdəliklər götürüb”.
Sonda qeyd olunur ki, həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların ifadələri əsasında 10 nəfər məhbusun ağır işgəncəyə məruz qaldığı aşkar olub.(tia)