Əfqanıstan mövzusunda beynəlxalq təmas qrupunun iclası İran da daxil dünyanın 60 ölkəsinin nümayəndəsi, həmçinin beynəlxalq təşkilatlar və dairələrin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.
İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu iclasda Əfqanıstanın gələcək yol xəritəsi, bu ölkəni sentyabr ayında parlament seçkilərinə hazırlamaq, daha önəmlisi bu ölkədə sülh və təhlükəsizlik prosesinin araşdırılması üzrə mövzular araşdırılıb.
Bu iclasda digər siyasi və təhlükəsizlik məsələləri də araşdırılıb və bu iclasın bir neçə illik nailiyyətlərinə yenidən nəzər salınıb.
Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay bu iclasın kənarında İRİB-in Bakıdakı jurnalistinə verdiyi müsahibədə İran İslam Respublikasını Əfqanıstanın dost və qonşusu kimi xatırlayıb və deyib: İran uzun illər ərzində həmişə Əfqanıstanın hamisi olmuş və müxtəlif sahələrdə əsaslı rola malik olmuşdur.
Bu bir günlük iclasda İran xarici işlər nazirinin Qərbi Asiya məsələləri üzrə müşaviri, həmçinin XİN-in Əfqanıstan məsələləri üzrə İdarəsinin direktoru iştirak edib. İran rəsmiləri etdiyi çıxışında Əfqanıstanda sülhün bərpa olunmasını dəstəklədiyini və əcnəbi qüvvələr olmadan bu ölkənin idarə olunmasını vurğulayıb.
İran xarici işlər nazirinin Qərbi Asiya məsələləri üzrə müşaviri Rəsul İslami İRİB-in Bakıdakı müxbirinə müsahibədə deyib: Əfqanıstan qonşuluğa görə İran üçün çox əhəmiyyətlidir. Bu ölkənin təhlükəsizliyi İranın təhlükəsizliyində təsirlidir. Buna görə biz müxtəlif iclaslarda Əfqanıstana dəstəyi elan etmişik və bu iclasda da bunu vurğuladıq.