ArxivXəbərlər

Bakıda əhlinin az qala yarısı kirayədə yaşayır, amma…

Azərbaycan əhalisinin az qala yarısı kirayə yaşayır. Amma, o da həqiqətdir ki, bəzi insanların heç bir əmlakı olmadığı halda, başqaları şəhərin müxtəlif yerlərində çoxlu sayda daşınmaz əmlaka malikdirlər və onlardan kirayədən külli miqdarda gəlir götürürlər.
Tanışlarımdam biri dedi ki, Azərbaycan əhalisinin az qala yarısı kirayə yaşayır. Təbii ki, bu, şişirdilmiş mövqedir. Amma, o da həqiqətdir ki, bəzi insanların heç bir əmlakı olmadığı halda, başqaları şəhərin müxtəlif yerlərində çoxlu sayda daşınmaz əmlaka malikdirlər və onlardan kirayədən külli miqdarda gəlir götürürlər. Belələrini hamımız tanıyırıq. Lakin, hələ birinin də vergi verdiyini eşitməmişəm. Axı qazanc əldə edən hər kəs vergi ödəməlidir. Kirayə elanlarını araşdırdım. Yeni Yasamalda 9 mərtəbəli evin 5-ci mərtəbəsində 500 manata 3 otaqlı orta təmirli mənzillə maraqlanıram. Telefona cavab verən “Qala” ev alqı-satqı ofisinin əməkdaşı Xəyalə xanım yeni tikilən binada da mənzil təklif edir. Ümumi sahəsi 80 kvadrat metr olan 2 otaqlı ev 3 otaqlıya düzəldilib, super təmirlidir. Məişət əşyaları, mətbəx, yataq mebelləri var. Deyir, kirayə haqqını danışıb 450 manata sala bilərlər. Xəyalə xanım: “Evi sizə tapdığımıza görə bizə birdəfələik kirayə haqqının 20 faizi məbləğində, yəni 90 manat ödəyəcəksiz, sizinlə 1 illik müqavilə bağlayacağıq”. Xanım başqa mənzillər də təklif edir. Qiymətlər 400-600 manat arasında dəyişir.

Ev sahibləri büdcədən oğurluq edir
Deyirəm, eşitmişəm kirayə üçün vergi ödəmək lazımdır, bu doğrudur? Cavab verir: “Nə vergi? Vergi ödəmirsiz. Bağladığımız müqavilə ilə bizə sadəcə bir dəfə məbləğin 20 faizi qədər verirsiz. Aylıq kirayə haqqı isə mənzilin sahibinə çatır. Bir də kommunal xərcləriniz var”. Dedim, yaxınlarda bir nəfəri vergi ödəmədiyinə görə cərimə eləmişdilər. Ev sahibi pul verməliymiş. Deyir: “Yox, elə şey birinci dəfədir eşidirəm. Nə siz ödəyirsiz, nə də kirayə verən. Biz bu işdə 13 ildir işləyirik, heç vaxt vergi söhbəti olmayıb”. Deyirəm, məni bu vergi öhdəliyi ilə qorxudublar, siz bunu müdirinizlə dəqiqləşdirə bilərsiz? Yanındakı əməkdaşa üzünü tutub “Ceyhun, bizdə vergi var bəyəm, evlərdə vergi olur”, deyə soruşur. Yanından kişi səsi gəlir: “yox e yox”. Xəyalə xanım cavabı mənə çatdırır və əlavə edir: “ev sahibi də siz də vergi vermirsiz. Harda görünüb ki, kirayə ev üçün sahibi vergi ödəsin? Şəxsi mülküdür, ona vergi ödənilir”? Söhbəti uzadıram, “əmlak mənim deyil, onda belə çıxır mən ödəməliyəm”? Makler xanım axır insafa gəlir, “sirri” açır: “xanım, əgər notariusda müqavilə bağlayırsızsa, hər ay 50 manat vergi ödəyəcəksiz. Bəzi ev sahibləri özləri notarusla müqavilə bağlamaq istəyir. Çünki, evinin əşyalarına görə narahat olur. Vergini də kirayə götürən ödəyir. Amma, müqavilə sizinlə bizim şirkət vasitəsilə bağlananda dövlətə ödəniş eləmirsiz”.

Notariusda müqavilə bağlamırlar
Soruşuram, heç notarusda müqavilə bağlamısız? Məlum olur, bir ev sahibi kirayə qalanın vergi ödəməyini istəyib, kirayənişin isə razı olmayıb ki, “xeyir ola, mən niyə hər ay 50 manat əlavə ödəməliyəm?” Xəyalə xanım deyir ki, mənzil kirayə verənlərin əksəriyyəti ofislə müqavilə bağlamağa üstünlük verir. Notarus müqaviləsinə maraq göstərən yoxdur. “Notariusda heç kim müqavilə bağlamır. Işiniz gücünüz qurtarıb hər ay 50 manat verəsiz”? Deyirəm, eşitdiyimə görə, vergini ev sahibi ödəməlidir. Çünki, gəliri o götürür, pulu mən qazanmıram ki. Cavab verir: “Elə şey olmur xanım. Bunu kim sizə deyirsə, yalan deyir. Onun heç nədən anlayışı yoxdur. Görürlər heç nə bilmirsiz, aldadırlar sizi. Notariusda müqavilə nəyinizə lazımdır ki, əlavə xərciniz çıxsın? Gedib firma ilə götürürsüz, birinci ay onun faizini verirsiz, o biri aydan da həmin pulu qatlayıb cibinizə qoyursuz”. Soruşuram, əgər vergi ödəməsəm məni cərimə eləməzlər? Xəyalə xanım: “vergi o vaxt cərimələyir ki, siz gedib müqaviləni notariusla bağlayıb, sonra da vergi ödəmirsiz. Ən yaxşısı odur ki, ayağınızı notariusa basmırsız, bu işi firma sizin üçün ofisdə görür. Müdirimiz özü seçki dairəsinin sədridir, qanunları yaxşı bilir. Şəhərin istənilən nöqtələrində reklamlarımız var. Kirayə ilə yanaşı mənzillər, villalar də satırıq”. Soruşuram, ev alsam necə, mənim ya da satanın vergi öhdəliyi yaranacaq? Deyir “vergi ödənişi onda da yoxdur. Nağd yolla yenə firma ilə alacaqsız, evin dəyərinin 2 faizi qədərində haqqımızı ödəyəcəksiz. Ev alqı-satqısında vergi yoxdur. Siz market, kafe, restoran işlətmirsiz, ticarət obyektiniz yoxdur ki, vergi verəsiz”.

Vergini kirayənişin ödəməlidir “qanunu” icad edilib
Bazarda mənzillərin alqı-satqısı, kirayəsi maklerlərin əlindədir. Hansı nömrəyə zəng edirsiz, daşın altından bir makler çıxır, öz “qiyməti”ni də qoyur mənzilin onsuz da baha olan qiymətinin üstünə. “Xəzər Servis” şirkətinə zəng elədim. Nərimanov rayonunda qiyməti 350 manat olan 1 otaqlı mənzillə maraqlandım. Telefona cavab verən xanım dedi ki, müqaviləni özləri bağlayırlar. Icarə haqqının 20 faizi qədər şirkətə ödəyəcəm, 6 manat da xidmət haqqıdır. Adının Xanım olduğunu deyən xanımdan da vergi öhdəliklərini soruşdum. Dedi ki, mənzili kirayə götürdüyüm üçün mən də ev sahibi də vergi ödəməyəcəyik. 10 ildir bazardadırlar. Mən: “Deyirlər, mənzili kirayə verən vergi ödəməlidir. Istəmirəm, sabah vergi gəlib başımı ağrıtsın”. Xanım “vergi söhbəti yoxdur, siz hər ay kirayə haqqını ev sahibinə nağd ödəyirsiz”, dedi.
“Nərimanov” metrostansyasında 3 otaqlı, icarə haqqı 600 manat evlə maraqlandım. Vasitəçi olduğunu deyən kişi özünü Haqverdi Şükürov kimi təqdim elədi. Bildirdi ki, 50 manat da xidməthaqqı ona ödəməliyəm. Qiyməti ucuzlaşdırmağı isə yerində ev sahibi ilə danışacaqmışam. Sonra aramızda dialoq belə davam elədi. Mən:

– Kirayə müqaviləsi sizdə bağlanacaq, yoxsa notariusda?
– Kirayə ilk dəfədir götürürsüz, Azərbaycanın qayda-qanunlarından başınız çıxır?
– Xeyr, ilk dəfədir, Rusiyadan təzəcə gəlmişik.
– Müqavilədir da, öz aramızda da bağlaya bilərik. Notariusda müqavilə bağlananda ev sahibi 14 faizi “naloq”a ödəməlidir, onu siz üzərinizə götürəcəksiz, o yox. Onlar ödəmirlər.
– Sizcə, müqaviləni kiminlə bağlasam, yaxşı olar, notariusla, yoxsa sizinlə?
– Nə qədər müddətə qalırsız?
– Bəlkə bir il qalarıq.
– Qalın da. Heç camaat sizin qədər narahat olmur, müqavilə haqqında belə suallar vermirlər.
– Rusiyada qayda-qanun vardı. Burada bizə problem yaranmağını istəmirəm.
– Rusiyadakı qayda-qanunlar burada işləmir, necə lazımdırsa, o cür də həll olunur. Heç bir maneçilik yoxdur.
– Yəni sonra vergi gəlib bizi cərimə eləməz?
– Yox, o rusetdədir, bura Azərbaycandır.
Ofisin hüquqşünası Səxavət müəllim mənə guya təzədən şərtləri uzun-uzadı izah elədi. Təzə heç nə demədi. Sadəcə öz “qiyməti”ni ikiqat qaldırmışdı. Vətəndaş mənim Rusiyadan gəldiyimi düşünüb, onlara 100 manat haqq ödəyəcəyimi dedi. Elə bildi ki, qonşu ölkədən alverdən gəlirik, pulumuz da aşıb-daşır, yığıb-yığışdıran yoxdur. Yaxşı ki, ingilis olduğumu demədim. Axı bizimkilər əcnəbiləri görəndə qiyməti 10 qat qaldırırlar. Səxavət müəllim bir də onu dedi ki, “burada kirayə verəni də, götürəni də incidən, onlardan nəsə tələb edən yoxdur. Əgər bu “baş”dan yoxdursa, dövlət tələb eləmirsə, vətəndaş niyə boş-boşuna narahatlıq keçirir? Sizə narahat olmaq lazımdır”? doğru suala nə cavab verəsən? “Yox”, dedim.
Onlarla icarəçiyə zəng elədim. Cavablar eyni idi, çoxluq mənim bu müqavilə, vergi “sevgi”mə təəccüblə reaksiya verirdi. Yəqin dəli olduğumu düşünənlər də vardı, amma üzümə vurmurdular ki, ürəyimə salmayım. Beləliklə, vergi öhdəliyindən hər kəsin xəbəri varmış. Amma, bu haqda danışmaq heç kimə sərf etmədiyindən hamı susur. Maraqlı budur ki, hər kəs vergini yazıq kirayədə yaşayanın ödəməli olduğu qənaətindədir. Gəliri götürənin ağlına da gəlmir ki, qazandığından dövlətin də payını versin. İcarə müqaviləsi iki tərəfin həm dövlət qarşısında üzərinə götürdüyü öhdəlikdir, həm də öz aralarında. Mübahisəli məqamlarda problem qanun çərçivəsində həll olunar. Amma, şirkətlərin imzaladığı sənədin hüquqi əsası yoxdur. Bizdə qanunun əksinədir, vergini gəliri olan deyil, xərcləyən ödəyirmiş. Ona görə də tərəflərin heç biri dövlətin haqqını verməkdə maraqlı deyil.

İcarəsi 500 manat mənzilin illik 840 manat vergisi yayındırılır
Əgər siz qazanc götürürsüzsə avtomatik gəlir vergisi ödəyicisi olursuz. Bu aksiomadır, isbata ehtiyacı yoxdur. Amma, yenə də kirayə ilə məşğul olanların xətrinə vergi qanunvericiliyini araşdırdım. Vergi Məcəlləsinin (VM) 124-cü “ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması” maddəsinə görə, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir Azərbaycanda əldə edilibsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir, Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Məcəllənin 150-ci “ödəmə mənbəyində verginin tutulması qaydası”na əsasən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Yəni, əgər ev sahibi deyil, kirayə götürən vergi uçotundadırsa, o, özü ödəmə mənbəyindən vergini ödəyərək yerdə qalan vəsaiti ev sahibinə təqdim edir. 99-cu maddəyə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətidir. VM-nin 101.2-ci maddəsi ilə vergi tutulan illik gəlirin məbləği 30 min manatadək olduqda 14 faizi qədər vergi tutulur. 30 min manatdan çox olduqda 4200+yerdə qalan məbləğin 25 faizi dərəcəsi ilə vergi hesablanır. VM-nin 218.2 maddəsinə əsasən əmlakı icarəyə verən şəxsin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Və bu da 149-cu maddə ilə illik ödənən vergidir. Hər il bitdikdən sonra növbəti ilin martın 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim olunur. Elanda olan orta hesabla 500 manatlıq evin illik 14 faiz vergisi 840 manatdır.

Vergi xəbər tutsa, cəzanız ağır olacaq
Vergi uçotuna dayanmadığınız zaman nə baş verər? O halda artıq vergidən yayınmış hesab olunursuz. Əgər bu aşkar olunsa qanunvericiliyə əsasən uçota alınacaqsız, ödənməmiş vergilər hesablanacaq və maliyyə sanksiyaları tətbiq olunacaq. Həm qeydiyyata durmadığınıza, həm də vergidən yayındırdığınız vergilərə əsasən. Məcəllənin 58-ci “vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları” maddəsinin 2-ci bəndinə əsasən, əvvəlcə vergi orqanında uçota durmadığınıza görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Sonra maddənin 1-ci bəndinə əsasən, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası məbləğ hesabat təqdim etməməklə yayındırılıbsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vəsaitin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin 58.7. maddəsi ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə də il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə 800 manat, üç və daha artıq sayda olduqda 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir./bizimyol.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button