ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Bakıdakı hərbi hissələrdən birində 4 ildə 4 milyon yeyinti olub

Müdafiə Nazirliyi və ona tabe qurumlarda ümumilikdə 143 milyon manatlıq mənimsəmə ilə əlaqədar həbs olunanların işi üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi gedir. Bu məhkəmələrdən biri də Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə idarəsinin rəisi olmuş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinə rəhbərlik etmiş kapitan Vüsal Əlizadənin işi ilə bağlıdır.
Bu məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə iyulun 19-da keçirilən məhkəmə prosesində cinayət işinin materiallarında olan bir çox sənəd elan olunub.
Sənədlərdən məlum olub ki, Bakıda yerləşən hərbi hissələrdən təkcə birindən 4 il ərzində 4 milyon manatlıq yeyinti aşkarlanıb. Söhbət 2018-ci ildən 2022-ci ilə qədər o dövrdə yol verilən yeyintilərdən gedir.
Araşdırmalar zamanı bir neçə başqa hərbi hissədə də vəzifə və xüsusi rütbələr üçün ayrılan pulların mənimsənildiyi ortaya çıxıb.
