
Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.
Xatırladaq ki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə, Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4 idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat və Komkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyyat hissələrinin, su nasos ehtiyyat hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün 18 milyon 132 min (18132 23 6) manat köçürmə əməliyyatı həyata keçirib.
ASC büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir. Məsələn, elə bu ilin əvvəlində ölkə Prezidentinin sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.
Keçən ilin oktyabr ayında mətbuata müsahibə verən Əhmədzadə “Son on ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” deyə bildirib.
Ölkəmizdə bir ənənəyə çevrilmiş –“böyük pullar dövriyyəsi” olan dövlət müəssələrində böyük maxenasiyalar da olur- qaydası burda da öz qüvvəsində qalır. Prezident seçkilərindən sonra cənab Əhmədzadənin adı işdən azad ediləcək məmurlar arasında səslənsə də, o hələ də postundadır. Kür daşqınları zaman ortaya çıxan problemlər, suvarma sistemlərin çəkilməsi ilə bağlı “oyunlar” (məsələn bir çox regionlarda suvarma sistemləri çəkilsə də, ora su verilməsinə həyata keçirilmir) Əhmədzadənin nüfuzuna ciddi zərbə vursa da o, vəzifədən uzaqlaşdırılmadı.
Biznesmen oğul
Elman Rüstəmov haqqında araşdırmamızda da qeyd etmişdik ki, Azərbaycan Respublikasında məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyi üçün, onların bir çoxu öz bizneslərini övladlarının adına keçirir. Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti haqqında (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED”) əvvəlki araşdırmada məlumat vermişdik. Bu araşdırmamızda izinə düşdüyümüz “GLOBALLY LTD” adlı daha bir şirkət haqqında məlumatları təqdim edirik./meydan.tv/