Tətili təhsilindən çox…

Şagirdlər 164 gün dərsə gedir, 201 gün istirahət edir.
Azərbaycanda istirahət, bayram və tətil günlərini çıxdıqda beş günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir. Bu da uyğun olaraq şagirdlərin ildə 201 və ya 168 gün istirahət etməsi deməkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38, Azərbaycanda isə 32 həftədir.
Təhsil Nazirliyi Azərbaycanda dərs ilinin uzadılması ilə bağlı ötən həftə hökumətə təkliflər göndərib. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun bildirdiyinə görə, ötən tədris ili başa çatmamışdan əsaslandırılmış təkliflər hazırlanıb.
Tədris və tətil müddəti ilə bağlı məsələlər Nazirlər Kabinetində təsdiq olunduqdan sonra rəsmi məlumat veriləcək.
35 həftəyə şagirdlərin həftəlik təlim yükü yüngülləşə bilər.
Tədris həftəsinin uzadılması şagirdlərin dərs yükünə necə təsir edəcək? Nazirlikdən sorğumuza verilən cavabda bildirilir ki, tədris ilinin 2-3 həftə artırılması fənlər üzrə proqram materiallarının daha səmərəli tədrisinə və şagirdlər tərəfindən optimal səviyyədə mənimsənilməsinə şərait yaradacaq: “Hazırda dərs ili 32 həftədir. Tədris həftələrinin sayının 35-ə qədər artırılması mümkündür. Şübhəsiz, belə olan halda şagirdlərin həftəlik təlim yükü xeyli yüngülləşəcək. Bir çox ölkələrdə dərs ilinin müddəti 35-36, hətta 37-38 həftədir. Dünya təcrübəsinə uyğunlaşma məktəblərdə təlim keyfiyyətinin yüksəlməsinə də müsbət təsir göstərəcək”.
105 günlük yay tətilini şagirdlər səmərəli keçirmir.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər.
Sektor müdiri tədris proqramlarının kifayət qədər yüklü olması ilə bağlı nazirliyə müraciətlər gəldiyini və buna görə tədris ilinin uzadılması hesabına tədris proqramlarının yüngülləşdirilməsinin mümkün olduğunu da qeyd edir.
Təhsil Nazirliyində QHT üzvləri və müəllimlərin iştirakı ilə keçirilən müzakirələrdən, məktəb rəhbərlərinin verdiyi təkliflərdən sonra isə daha çox dərs ilinin sentyabrın 1-dən başlanması yox, iyunun 15-də başa çatması və aradakı tətil günlərinin qısaldılması hesabına tədris ilinin uzadılması fikri üzərində dayanılır.
Dərslər sentyabrın 15-də başlasın, yoxsa iyunun 15-də bitsin?!
Meteoroloqların da qənaətinə görə, Azərbaycanda sentyabrın 15-ə qədər havalar daha isti keçir, nəinki iyun ayının 15-dək. Sinoptiklər bunu coğrafi baxımdan belə izah edirlər ki, sentyabrın 22-dək yay vaxtı olduğuna görə, Günəşin Yeri isitməsi prosesi gedir, iyun ayının 22-dək isə yazdan yaya keçid olduğuna görə, hava nisbətən sərin olur.
Bununla əlaqədar bəzi məktəb rəhbərləri, müəllimlər və təhsil üzrə QHT rəhbərləri fərqli fikirlər irəli sürürlər.
Uzun illər məktəb direktoru işləmiş, əməkdar təhsil işçisi Aliyə Təhmasib tədris ilinin sentyabrın 15-dən başlamasına tərəfdardır: “Sovet dövründə uzun illər müəllim işləmişəm. O vaxtlar dərslər sentyabrın 1-dən başlayırdı, mayın 25-də başa çatırdı. Dərs ili başlayanda istidən həm müəllimlər, həm şagirdlər çox əziyyət çəkirdi. Ona görə hesab edirəm ki, vaxtı iyunun 15-dək uzatmaq daha əlverişli olar”.
Dərs yükünün ağırlığına gəldikdə, Aliyə Təhmasib dedi ki, tədris proqramının dəyişdirilməsi, tədrisin kurikulum sənədi üzrə keçirilməsinə əksər müəllimlər uyğunlaşmadığına görə şagirdlərdən çox müəllimlər arasında müasir dərs metodologiyasını mənimsəməkdə çətinliklər var: “İndiki uşaqlar sanki əllərində mobil telefon dünyaya gəliblər, lap kiçik yaşlarından texnologiyanı asan mənimsədiklərinə görə çevik mənimsəmə azyaşlı şagirdlərdə müəllimlərdən üstündür. Bu baxımdan şagirdlər müəllimləri qabaqlayıblar. Ona görə də hesab edirəm ki, müasir dərs metodologiyasına müəllimlərin tam yiyələnməsi üçün əsaslı tədbirlər görülməlidir”.
“Sentyabrın 1-nə tərəfdaram”
Adının çəkilməsini istəməyən digər məktəb direktoru isə dərs ilinin sentyabrın 1-dən başlanması fikrinin üzərində dayanır və fikrini də belə əsaslandırır: “Praktiki olaraq may ayının sonuna kimi tədris prosesini zor-güclə başa çatdırırıq, çünki şagirdlər yorulur. Qışdan yaya keçid olduğu üçün şagirdlərin immuniteti də zəif olur, bu ərəfədə tez-tez xəstələnirlər və davamlı olaraq dərsə gələ bilmirlər. Amma sentyabrın 1-dən dərs başlasa, onlar 3 ay boyunca dincəlib, istirahət etdikdən sonra dərsə həvəslə gələcəklər.
Doğrudur, hər ölkənin öz coğrafiyasına uyğun dərs ili, bilik günü müəyyənləşir. Məsələn, Türkiyədə bilik günü oktyabrın 1-dədir, dərslər iyulun 1-də bitir. Mən hesab edirəm ki, Azərbaycan üçün ən münasib bilik günü sentyabrın 1-dir. Avqustun 15-dən sonraya “quyruq donan dövr” və “ceyranın kölgəyə gələn vaxtı” deyilir. Havalar tədricən sərinləyir”.
Məktəb direktoru dedi ki, tətil müddəti bütün siniflər üçün eynidir, yalnız I siniflərdə əlifbanı başa vurduqdan sonra birincilərə bir həftəlik əlavə tətil verilir: “Mən bir məktəb rəhbəri olaraq nazirliyə sentyabrın 1-də dərslərin başlaması üçün təklif vermişəm. Qalan tətil günlərini qısaltmaqla tədris müddətini uzatmaq mümkündür”.
Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı isə dərs ilinin uzadılması ilə təhsilin keyfiyyətində əhəmiyyətli dəyişiklik gözləmir. Ekspert bildirdi ki, hazırda dünya praktikasında şagirdə həyati bacarıqları üçün nə lazımdırsa, o, öyrədilir. Natamam təhsil müddətində bu məsələ xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda isə təhsil proqramları mürəkkəb tərtib olunduğu üçün şagirdlər yüklənir: “Hətta dərs proqramları müəllimlərin özləri üçün də qaranlıqdır. Riyaziyyat, ədəbiyyat, dilçilik, təbiət fənlərində natamam orta təhsil üçün artıq olan məlumatlar var ki, bu şagirdin əlavə yüklənməsinə səbəb olur. Şagirdi beyin hambalına çevirmək olmaz. Qabaqcıl dünya təhsili sistemində ağır, elmi mövzular orta məktəbin sonuncu pilləsində keçilir, yəni şagirdlər təmayül üzrə bölündükdən sonra onlara hər təmayülə uyğun mürəkkəb elmi proqramlar tərtib olunur, bizdə isə bu mürəkkəblik aşağı sinifdən başlayır”.
Tədris proqramlarını alimlər hazırladığı üçün dərs yükü ağır olur
Ekspert bildirdi ki, şagirdlərə lazım olmayan informasiyaların dərsliklərə salınmasına səbəb hər il tədris proqramları hazırlayan komissiyanın tərkibində məktəb müəllimlərinin çoxluq təşkil etməsidir: “Ali məktəb müəllimləri elmi səviyyələrinə uyğun materialları orta məktəb proqramına salırlar. Halbuki həmin komissiyanı daha çox orta məktəb üzrə ekspertlər təmsil etməlidir. Bu baxımdan proqramların yenidən işlənməsinə ehtiyac var. Doğrudur, dərs ilinin uzadılmasını da tədrisin keyfiyyətini artırmaq istiqamətində bir addım kimi dəyərləndirmək olar, amma tədris proqramının elmi yükü azaldılmayınca, tədris ilinin uzadılmasının da heç bir əhəmiyyəti yoxdur”.
Təklif: Təhsil 3 sektora bölünsün
Təhsil eksperti Nabatəli Qulamov isə təklif edir ki, təhsil müxtəlif sektorlara bölünsün: “Dünya təcrübəsinə nəzər salsaq, dərs ilinin uzadılması, yaxud qısaldılması ilə bağlı heç bir mənbəyə rast gəlmərik. Ona görə ki, dünyada təhsil müxtəlif sektorlara – dövlət, bələdiyyə və özəl sektorlara bölünür. Bu sektorun hər biri öz üzərində ciddi məsuliyyət hiss edir və həmin məsuliyyətin altına girən insanlar hansı yolla olur-olsun çalışırlar ki, öz şagirdlərinə bilik öyrətsinlər. Ona görə təhsilalanlarla təhsilverənlər arasında qarşılıqlı anlaşma əsasında müddət müəyyənləşir.
Təəssüf ki, Azərbaycanda təhsil yalnız dövlət sektoruna xasdır. Bu isə müəllimə müəyyən manevrlər etmək imkanı vermir. Dövlət sektorunda isə nə müəllimin, nə məktəb rəhbərinin məsuliyyəti var. Ona görə də ilk növbədə dünya təcrübəsində mövcud olan mühit yaradılmalıdır. Yəni təhsil müxtəlif sektorlara bölünsə, dərs ili müddətinin artırılmasının müzakirəsinə də ehtiyac qalmaz. Bir halda ki, Azərbaycanda iqtisadiyyatımızın 90 faizi özəl əllərdə, təhsilimizin isə 95 faizi dövlət sektorundadır, belə bir anomal vəziyyət yaranacaq”.
Yeni mexanizm işləməsə…
Bu fikirlərinə baxmayaraq təhsil eksperti hesab edir ki, dərs ili müddətinin artırılması təhsilin keyfiyyətinə müsbət təsir edəcək: “Uşaq uzun müddət təhsildən ayrılır və il ərzində keçdiklərinin hamısı demək olar ki, yaddan çıxır. Beyinin çox gözəl funksiyası var, həm dərk edir, həm də yaddan çıxarır. Yaddan çıxarılmasa, yəqin ki, beyin dağılar. Amma şagird özünə lazım olan bilikləri təkrarlasa, bu, onun üçün faydalı olar. Bu nöqteyi-nəzərdən Təhsil Nazirliyinin irəli sürdüyü təklifi təqdir edirəm.
Amma dərslərin sentyabrın 15-də başlanıb, iyunun 15-də bitməsi təklifinin tərəfdarı deyiləm. Məktəbdə dərs deyən bir müəllim kimi əminliklə deyə bilərəm ki, may ayının 15-dən o tərəfə dərs keçilmir. Ona görə ki, otaqlar isti olur, şagirdlər yorğun, əhval-ruhiyyələri pis olur. Təklif edirəm ki, dərslər sentyabrın 1-dən başlasın. Çünki avqustun 15-dən sonra havalar sərinləməyə doğru gedir. Azərbaycan məktəblərində nə kondisioner var, nə də sərinləşdirici digər təchizat”.
Nazirlər Kabinetinin mətbuat xidmətindən isə İdris Axundzadə bildirdi ki, məsələ ilə bağlı şöbəyə heç bir məlumat daxil olmayıb./teleqraf/