ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
BBC Azərbaycandakı diktatura rejimini “təmizə çıxarmaqda” ittiham olunur

“Open Democracy” media platformasının hazırladığı məqalədə “BBC World News” kanalının avqustda yayımladığı “Azərbaycan möcüzələri” filmindən söz açılır. Yazıda deyilir ki, bu kanala köklənən izləyicilər BP-nin maliyyələşdirdiyi “Azərbaycan möcüzələri” filmində “Azərbaycanın neft sərvətlərinin paytaxt Bakının çiçəklənməsinə necə kömək etməsi” və “ Azərbaycanın Şərqin Parisi” kimi şöhrət qazanması” ilə bağlı ətraflı məlumat alacaqlarına inandırılıb.
Məqalədə qeyd olunur ki, BP Azərbaycanda hakimiyyətdə olan Əliyevlər ailəsinin üzvləri tərəfindən idarə olunan fond və media mərkəzinin dəstəyi ilə çəkilmiş filmə 300 min funt sterlinq pul xərcləyib. Film “SandStone Global” adlı istehsal şirkəti tərəfindən hazırlanıb. Filmi televiziya aparıcısı və tarixçi, “SandStone” şirkətinin həmtəsisçisi olan Bettani Hyuz (Bettany Hughes) təqdim edib.
2015-ci ildə Azərbaycanda yaşanan siyasi təzyiqlərə görə ölkəni tərk etməli olan azərbaycanlı fəal Emin Hüseynov BBC-ni bu filmə görə “diktaturanı təmizə çıxarmaqda” ittiham edib.
Hüseynov 2006-cı ildə Azərbaycanda demokratiyanı dəstəkləyən gənc fəallar haqqında BBC-nin mükafat qazanmış sənədli filminin əsas personajlarından olub. İndi isə o “Open Democracy” media platformasına müsahibəsində deyib ki, BBC utancverici bir dəyişimdən keçir və dünyanın ən qanlı, ən korrupsioner rejimlərindən birinə yol açır.

O, həmçinin BBC-ni Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı reportajlar yayımlamaqda “passiv” qalmaqda ittiham edərək, BP-nin Əliyev rejimi ilə əlaqələrinin araşdırılmaması məsələsini qaldırıb.
BBC-dən isə “Open Democracy”yə bildiriblər ki, “Azərbaycanın möcüzələri” filmi “aktual problemlərlə bağlı proqram deyil”.
“Regionun genişmiqyaslı geosiyasi məsələləri “BBC News” xəbər agentliyi tərəfindən geniş şəkildə işıqlandırılıb”, – deyə sözçü əlavə edib.
“Open Democracy” “Culture Unstained” adlı incəsənət sahəsində kampaniyalar yürüdən qrupun üzvü Kris Qarrarddan (Chris Garrard) da münasibət öyrənib. Onun sözlərinə görə, media sponsorluq razılaşmaları BP-nin “qanuniləşdirilən” qalıq yanacaq kampanyaları kimidir, onlar xalis sıfır hədəfinə çatmaq əvəzinə yeni neft və qaz infrastrukturuna sərmayə qoymağa davam edirlər.
Qarrardın fikrincə, Azərbaycandakı rejimin insan hüquqlarını tapdalama təcrübəsini nəzərə aldıqda, BBC-nin yayımladığı filmdə göstərilən “Azərbaycanın müsbət mədəni perspektivləri” BP-nin xeyrinədir.
“Film həmçinin dolaylı şəkildə Azərbaycanın 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi zamanı ermənilərdən aldığı, mübahisəli Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri üzərindəki iddialarını da əhatə edir. Belə ki, Azərbaycan artıq bu regionu BP-nin də dəstəyi ilə “yaşıl enerji zonasına” çevirmək istəyir”, – yazıda qeyd olunub.
“Əsrin müqaviləsi” adlanan müqaviləyə əsasən, BP zəngin sərvətləri olan Azərbaycanda ən böyük xarici korporativ investor hesab olunur.
BP uzun müddətdir ki, hüquq müdafiəçiləri və iqlim aktivistləri tərəfindən “seçkiləri boğmaqda, müxalifətəçilərə təzyiq göstərməkdə və Azərbaycanın neft və qaz sərvətindən qeyri-şəffaf gəlir əldə etməkdə” ittiham olunan Əliyevlər rejimi ilə əlaqələrinə görə tənqid edilir.
“BP Azərbaycan hökumətini yanında saxlamalıdır və bu film bunu etmək üçün ucuz bir üsuldur”, deyə Ceyms Marriott “OpenDemocracy” platformasına bildirib. O, “Sadə Britanya: Neft Bir Milləti Necə Formalaşdırır” (Crude Britannia: Oil How Shaped a Nation) kitabının həmmüəllifidir.
BP həmçinin “OpenDemocracy” media qurumuna bildirib ki, bu film həm Azərbaycanın, həm də şirkətin mənafeyi üçün Xəzər dənizindəki enerji ehtiyatlarının “səmərəli və məsuliyyətli” inkişafına xidmət məqsədi daşıyır.

BP əlavə edib ki, bu filmi ərsəyə gəlməsində şəxsi ambisiyalar sıfıra bərabərdir və Azərbaycanda dekarbonlaşdırılma əməliyyatlarına və bərpa olunan enerjinin inkişafına xidmət edir.
“Biz heç bir ölkədə ayrı-ayrı şəxsləri və ya siyasi qrupları dəstəkləmirik”,- deyə BP sözçüsü “OpenDemocracy” platformasına verdiyi açıqlamada qeyd edib.
BBC-nin sözçüsü həmçinin vurğulayıb:
“Böyük Britaniyadan kənarda reklam və sponsorluq işləri açıq şəkildə etiketlənir və bizim redaksiya məhsulumuzdan tamamilə ayrı olmaqla yanaşı, bizə iqlim, enerji böhranı və geosiyasi məsələlər də daxil olmaqla, bütün mövzularda müstəqil və qərəzsiz xəbər təqdim edən dünya səviyyəli BBC jurnalistikasına investisiya qoymağa imkan yaradır”.
“OpenDemocracy” yazır ki, “BBC World News” avqustda bir həftə boyunca Böyük Britaniyadan kənarda yaşayan izləyicilər üçün iki hissəli filmi yayımlayıb. Həmin həftə Böyük Britaniya izləyiciləri enerji böhranı və bahalaşan yanacaq ödənişləri haqqında geniş şəkildə işıqlandırılan xəbərləri izləyib.
“BBC Global News” (BBC-nin kommersial törəməsi) ilə Azərbaycanın rəsmi turizm qurumu arasında imzalanan ticarət müqaviləsi çərçivəsində BP-nin maliyyələşdirdiyi filmlə yanaşı, “maraqdolu, ətraf mühitə qarşı həssas olan səyahətçilər”ə yönəlmiş reklamlar da nümayiş etdirilib.
Məqalədə qeyd olunur ki, BBC-nin “Azərbaycan Möcüzələri” filmi, həmçinin Bettani Hyuz tərəfindən təqdim olunan və dünyanın müxtəlif yerlərində təbii, gözəl və fərqli mədəniyyətlərə malik görməli yerləri araşdıran daha geniş serialın bir hissəsidir.
BBC iki hissəli proqramın məzmununu Hyuza məxsus istehsal şirkəti olan “SandStone Global” şirkəti vasitəsilə lisenziyalaşdırıb. BBC materialı redaktə edib, lakin müəllif hüququ “SandStone” şirkətinə aiddir. Filmin özü BP tərəfindən maliyyələşdirilib, belə ki, onun sponsor olması proqram ekranda yayımlanarkən aydın şəkildə qeyd olunub.
“Avqust ayının sonunda Azərbaycanla bağlı turizm reklamlarının da nümayiş edildiyi iki seriyanın hər biri bütün dünya üzrə beş dəfə yayımlanıb. Böyük Britaniyada isə heç vaxt yayımlanmayıb”, – “OpenDemocracy”nin məqaləsində vurğulanıb.
“SandStone Global” şirkətinin sözçüsü bildirib ki, istehsal şirkətlərinin müxtəlif yerlərdə xidmət göstərmək üçün “yerli təşkilatlardan” dəstək istəməsi “standart təcrübədir”.
Məqalədə vurğulanır ki, Bakı Media Mərkəzi “SandStone” şirkətinə maddi-texniki dəstək göstərib. Heydər Əliyev Fondu isə Britaniya şirkətinə çəkiliş üçün icazələr almağa və unikal mədəni-irsi obyektlərə çıxış əldə etməsi üçün köməklik edib.
“Bakı Media Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva tərəfindən idarə olunur. Mərkəz birinci ailə tərəfindən idarə edilən fond ilə sıx əməkdaşlıq edir”, – məqalədə qeyd olunub.
“Məhsullarımızla bağlı bütün qərarlar “SandStone Global” komandası tərəfindən qəbul edilir və təşkilatların işə cəlb edilməsi redaksiya işlərinə təsir göstərdikləri anlamına gəlməz”, – deyə “SandStone” təşkilatının sözçüsü bildirib. O əlavə edib ki, Arzu Əliyeva istehsal prosesində şəxsən iştirak etmir.
BBC sözçüsü həmçinin qeyd edib ki, “Orjinal veriliş BBC tərəfindən hazırlanmasa da, BBC ciddi yayım qaydalarına uyğun şəkildə öz kanalında yayımlanan hər şeyə redaktə anlamda tam nəzarətə malikdir”.
“BP bu verilişi Heydər Əliyev Fondu ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycanın qlobal şəkildə tanıdılmasına töhfə” vermək məqsədilə dəstəkləyib. H.Ə.Fondu keçmiş prezidentin adını daşıyır. O, 1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etməmişdən öncə və əldə etdikdən sonra ölkəni idarə edib. On illik hakimiyyətinin ardından H.Əliyevin yerini 2003-cü ildə oğlu, hazırkı avtokratik prezident İlham Əliyev alıb.
