ArxivXəbər lentiXəbərlər

“Belə çıxır ki, QMİ Azərbaycana terrorçu dəvət edib?”

Azərbaycanın cənub bölgəsinin bir qrup ruhanisi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət ünvanlayıblar.

Müraciətin ünvanlanmasına səbəb son zamanlar telekanallarda dindarlara qarşı aparılan qarayaxma kampaniyası ilə bağlıdır.

Daha sonra müraciətdə Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Tale Bağırzadənin noyabr ayının 5-də Yasamal rayon polis idarəsinə aparılması, orada zorakılığa məruz qalması xatırladılır. Bunun arxasınca isə QMİ-nin Azərbaycana dəvət etdiyi Ayətüllah Nuri Həmədaninin əlini öpməsi fotoları fonunda T.Bağırzadənin az qala terrorçu elan edilməsi haqda telekanalların verilişlərinə diqqət çəkilir. “Burada söhbət MBH-in qeydiyyatda olub-olmamasından yox, vətəndaşın polis idarəsinə çağırılaraq, qəzaya getməkdə olan namazını qılmaq istədiyinə görə idarədə təhqir olunmasından gedir”, – deyə ruhanilər etirazlarını ifadə edirlər.

Din xadimləri ATV, “Xəzər TV”, “Space TV” və “Lider TV”ni QMİ tərəfindən ölkəyə dəvət edilən, məscid və ziyarətgahları, Şəhidlər Xiyabanını ziyarət edən N.Həmədanini xalq önündə “terror lideri” kimi tanıtdırmaq səylərində ittiham edirlər. “Bu, təkcə alimlə görüşə gedən dindarları deyil, QMİ-ni, dövləti belə terrora dəstəkçisi kimi göstərmək cəhdidir”, – deyə bu səpgidə yayılan verilişlərə mövqe bildirirlər. Onların fikrincə, adları çəkilən TV-lərin işlətdikləri qərəzli ifadələr dindarlardan daha çox dövlətin imicinə zərbə vurur. Dindarlar qeyd edirlər ki, telekanallar yalan və böhtan dolu kadrlarla dövlətin düşmənlərinin əlinə faktlar verərək, problem yaradırlar.

Onlara görə, adları çəkilən telekanallar T.Bağırzadənin Həmədaninin əlini öpməsi fonunda dünya dövlətlərinin terrorçu elan etdiyi qurumların liderlərinin Azərbaycandakı davamçısı adlandırmalarının dövlətə zərbə olduğunu deyirlər. Cinayət törətməyən T.Bağırzadə hər gün körpə uşaqların belə başını kəsən İŞİD terrorçuları ilə bir səviyyədə tutulur. Buna “sübut” kimi QMİ-nin ölkəyə dəvət etdiyi, bu səfəri A.Paşazadənin belə “ölkəyə lütf və bərəkət” adlandırdığı Nuri Həmədaninin əlini öpməsini göstərirlər. Ruhanilərə görə, bu kanallar bu mövqe ilə QMİ-ni ölkəyə terrorçunu dəvət etməkdə suçlayırlar. “Bir müctəhidin əlini öpmək nə üçün heç bir narahatlıq hissi keçirmədən günahsız insanların başlarını kəsən terrorçu ilə bərabər tutulur? Yaxud, hansı terrorçu bu günə qədər yaşlı bir alimin əlini öpüb?! Əksinə, onlar bu əməli bidət sayır və buna görə baş kəsirlər”, – deyə ruhanilər A.Paşazadəyə şikayət edirlər./strateg/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button