Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində konteynerlərin daşınma imkanları araşdırılır

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırması müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edir.
Tədbirdə “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması”, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması”, “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması” və digər məsələlər müzakirə edilir.