Nardaranın blokadaya alınmasına Əli Kərimlidən sərt etiraz: “Bu, barbarlıqdır”

AXCP sədri Əli Kərimli Nardaran qəsəbəsinin blokadaya alınmasını pisləyən münasibət paylaşıb. AXCP lideri feysbuk səhifəsində yazır:
Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır. Hər bir insan qanunazidd əməllərinə görə yalnız özü şəxsən məsuliyyət daşımalıdır. Hətta Nardaranda hansısa cinayətkarlar varsa belə, bu bəhanə ilə bütöv bir kəndi – 10 min nəfər soydaşımızı cəzalandırmaq dövlət hakimiyyətinə yaraşmayan rüsvayçı bir davranışdır. Hakimiyyət anlamalıdır ki, belə qeyri-insani davranışlar nə nardaranlıları, nə də bütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.(azadlıq.info)