Bizim seyyidlər budurmu?

İslamtimes – Necə ola bilər ki, Azərbaycanda İslamı, xüsusilə də şiəçiliyi hədəfə alan bir prezidentin özü də 3-cü dəfə namizədliyini dəstəkləyən seyyid ocaqları olsun?
Deyəsən mən deyəndə ki, Azərbaycanda əliyev rejimi dini öz çirkin məqsədləri və şəxsi mənafeyi üçün alətə çevirib və bu planda da bir çoxları canfəşanlıq edir, yanılmamışam. Hər gün mətbuatda yayılan xəbərlər bunu təsdiq edir, bu gün də istisna olmadı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə regionalarda keçirilən konfranslardan biri də iyulun 23-də Ağcabədi rayonunda baş tutub. Bilirsiniz ki, Ağcabədi rayonu təkcə işğal olunmuş əraziyə yaxınlığı ilə seçilmir, həm də bu rayonda Qarabğ qaçqınlarının böyük bir qismi məskunlaşıb, o cümlədən Ağdam qaçqınları bu rayonda məskunlaşıb. Komitənin Ağcabədidə keçirdiyi konfrans barədə geniş məlumat verilməsə də aparılan müzakirələrdə hansı mövzuların yer aldığını təxmin etmək çətin deyil, burda əsasən o məsələlər qaldırılıb ki, Azərbaycan tolerant ölkədir, Azərbaycanda dini azadlıqlar mövcuddur, və s. bu kimi tezislər. Ancaq Konfransın əcaib olan tərəfi təkcə bununla bitmir, verilən məlumatlara görə Qarabağ Seyid Ocaqları İctimai Birliyi bir bəyanatla çıxış edib.
Birliyin sədri Seyid Camal Əzimbəylinin ictimaiyyətə ünvanladığı müraciətə görə Qarabağ seyyidləri prezident seçkilərində yalnız İlham Əliyevin namizədliyini dəstəkləyir.
Seyyidlər bununla bağlı bəyanat tərtib edib hər bir seyyid ocağının təmsilçisi də öz imzası ilə bu müraciəti təsdiqləyib. Burda bir neçə sual yaranır: Birincisi, kim deyə bilər ki, bu adamlar həqiqətən həmin seyyid ocaqlarının, cəddlərinin həqiqi təmsilçisidir? Mən ocaqları şübhə altına alıb günah sahibi olmaq isəmirəm, ancaq axı adamı təəcüb hissi boğur, necə ola bilər ki, Azərbaycanda İslamı, xüsusilə də şiəçiliyi hədəfə alan bir prezidentin özü də 3-cü dəfə namizədliyini dəstəkləyən seyyid ocaqları olsun?
Tutaq ki, bunlar elə həqiqətən seyyidlərdir, onda digər suallar meydana çıxır: bu seyyidlər hicab qadağası ilə bağlı heç olmasa quru bir bəyanat veriblərmi?
Hicab məhbuslarının azadlığa buraxılması ilə bağlı bir bəyanat veriblərmi?
Bunların heç birisi olmayıbsa, onda onların cədlərinə xəyanət etmələrini iddia etmək olmazmı?
Məgər Peyğəmbər (S) övladı belə məsələlərdə susar? Yaxud hicab mövzusunda susan, səsini çıxarmayan seyyidlərə biz necə münasibət göstərməliyik?
Ancaq siz bura baxın bu seyyidlər hələ bir utanmayıb İlham Əliyevin namizədliyini dəstəkləyir. Məncə onlar bir vətəndaş kimi İlham Əliyevin namizədliyini dəstəkləsəydi bəlkə baş çevirib əhəmiyyət verməmək də olardı, ancaq göz görə görə könüllü olaraq belə addım atıb, İlham Əliyevin əlində alətə çevrilirlərsə mən də bu yazını yazmağa məcbur qalıram.